Azərbaycan idmanı üçün həftənin ən böyük hadisəsi “Qarabağ”ın “Marsel”lə Bakıdakı oyunu olacaq.
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında 1/8 finalçının adı bəlli olacaq.
“Velodrom”da 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri çətin vəzifənin öhdəsindən gəlib revanş almalıdır. Ağdamlıların bunu bacaracağı halda komandanı nə gözlədiyi də bəllidir.
1/8 final mərhələsinin püşkü pley-offun cavab oyunlarının ertəsi gün - fevralın 25-də baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatmada Konfrans Liqasının qrup qalibi kimi birbaşa 1/8 finala yüksələnlər səpələnmişlər səbətində olacaq. Pley-offdan tur adlayanlar digər səbətə daxil ediləcək.
İlk görüş də sonuncuların meydanında keçiriləcək. Yəni “Qarabağ” “Marsel”i keçsə, 1/8 finalın ilk matçını Bakıda oynayacaq. Qrup qalibləri isə cavab qarşılaşmasını evdə keçirmək imkanına malik olacaq.
Martın 10-da və 17-də baş tutacaq 1/8 finalda eyni ölkə təmsilçiləri üz-üzə gəlməyəcək. “Qarabağ” – “Marsel” cütünün qalibini gözləyən 8 komanda isə bunlardır: “Alkmaar”, “Feyenoord” (Niderland), “Bazel” (İsveçrə), “Kopenhagen” (Danimarka), “Gent” (Belçika), LASK (Avstriya), “Renn” (Fransa) və “Roma” (İtaliya).
Qeyd edək ki, pley-offda Konfrans Liqasının qrup ikinciləri ilə Avropa Liqasının qrup üçüncüləri qarşılaşır.