“Marsel”in “Qarabağ” önünə çıxaracağı “11-lik” – Heyətdə və sistemdə dəyişikliklər
24.02.2022 - 12:15
“Marsel”in “Qarabağ” önünə çıxaracağı “11-lik” – Heyətdə və sistemdə dəyişikliklər

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda bu gün “Qarabağ”ın qonağı olacaq “Marsel”in təxmini “11-liy”i müəyyənləşib.

Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, baş məşqçi Xorxe Sampaoli Marseldəki qarşılaşma ilə müqayisədə bir sıra dəyişikliklərə əl atacaq.

Fransada 3-4-3 sxemindən yararlanan argentinalı mütəxəssis bu dəfə 3-5-2 sisteminə üstünlük verməyi düşünür. Çərçivə yenə təcrübəli Stiv Mandandaya həvalə ediləcək. 3-lü mərkəz müdafiəsində bu dəfə əsas heyət üzvləri meydanda olacaq. Luan Peresin yanında Uilyam Saliba ilə Duje Kaleta-Karın yer alması gözlənilir.

Matteo Qenduzi və Bubakar Kamara dayaq yarımmüdafiəçisi kimi rəqib hücumlarının qarşısını almağa çalışacaq. Pape Qeye sol, Valentin Rongier isə sağ cinahdan onlara dəstək olacaq. Bu futbolçular eyni zamanda komanda geri çəkildiyi zaman cinah müdafiəçisi funksiyasını icra edəcək.

Hücumçuların arxasında Amine Haritin çıxış etməsi və pleymeyker kimi onları topla təmin etmə vəzifəsi alması nəzərdə tutulub. Ancaq Dimitri Paye də onu əvəz edə bilər. Maraqlıdır ki, həmkarlarımız hücumda Bamba Dienqlə Sedrik Bakambunun yer alacağını, Fransadakı görüşdə dubl edən Arkadiuş Milikin ehtiyatdan başlayacağını iddia edib.

O ki qaldı “Qarabağ”a, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səfərdəki “11-liy”ə güvənəcəyini proqnozlaşdırmaq olar. Yalnız müdafiənin sağ cinahında Marko Veşoviç, yoxsa Abbas Hüseynovun çıxış edəcəyi ikincinin özünü necə hiss etməsindən asılı olacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Marsel” görüşü saat 21:45-də başlayacaq.