“Futbolçularımız istəklidirlər. Toplanış zamanı da görünürdü ki, qışa qədər olan durumdan heç kim razı deyil. Fasilədən sonra dəyişiklik hiss edilir. Amma bu, o demək deyil ki, biz rahatlaşa bilərik”.
Bunu apasport.az saytına “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.
Gənc çalışdırıcı Premyer Liqanın XVIII turu çərçivəsində “Sabah”la matç barədə fikirlərini açıqlayıb. O bildirib ki, məqsədləri gözəl futbol göstərməkdir: “Asan oyun yoxdur. Hər bir matça yaxşı köklənib, yaxşı hazırlaşmalıyıq. Turnir cədvəlinə çox fikir vermək istəmirik. Çünki hər an, hər tur dəyişiklik ola bilər. Daha çox oyunumuzu yaxşılaşdırmaq haqda düşünürük”.
Hacıyev komandaya yeni qoşulan futbolçulardan razılıq edib: “Onlar adaptasiya dövrünü tez keçməyə çalışır. Hər biri məşqlərdə, oyunlarda diqqətlidir, çalışırlar. Çünki çox vaxtımız da yoxdur. Hər bir futbolçumuz önəmlidir, hər şey də qaydasındadır”.
39 yaşlı mütəxəssis vaxtı ilə oynadığı Azərbaycan millisi haqda da danışıb. O bildirib ki, baş məşqçi postuna legioner yox, yerli məşqçinin gətirilməsinin tərəfdarıdır: “Hər zaman millimizdə yerli məşqçinin işləməsini istəmişəm və bundan sonra da belə olacaq. Milli ruhu olan, milli dəyərlərə üstünlük verən yerlilər hər şeyi daha yaxşı bilir. Amma bütün hallarda millidə baş məşqçi postuna kim gələcəksə, ona uğurlar arzulayıram. Kiminsə adını çəkə bilmərəm. Namizədlərin hər biri ad-sanlı, özündən söz etdirən məşqçilərdir”.
Onun sözlərinə görə, əsas çətinlik baş məşqçi deyil, lazımi futbolçuların olmamasıdır: “Yerli çalışdırıcılarımızın millidə işləməyə hazır olub-olmasından daha çox, yığma ona hazır deyil. Çünki rəqabət azdır. Heç bir mütəxəssisin bacarığına şübhə etmirəm. Sadəcə yığmada rəqabət yoxdur”.
Hacıyev “Keşlə”nin futbolçusu Sezar Meza Kollinin milliləşdirilməsini şərh edərkən, həmin mövqeyə yerli namizədlərin çoxluğunu qeyd edib: “Bundan əvvəlki illərdə də yığmaya legionerlər cəlb olunub. Milliləşənlərin hardasa faydasını da görmüşük. Ancaq zaman ötdükcə belə şeylərdən uzaqlaşmaq lazımdır. Daha çox yerli futbolçuların üzə çıxması yardım etməliyik. Bugünki gündə Premyer Liqamızda yerli cavanlar var. Hansı ki, milliyə də cəlb etmək olar. Sezar çempionatımızın sayılıb-seçilən keyfiyyətli oyunçularındandır. Amma onun mübarizə apardığı mövqedə kifayət qədər təcrübəli azərbaycanlılar var. Rəhim Sadıxov, Emin Mahmudov, Rəhman Hacıyev kimi futbolçular çıxış edir. Yəni həmin mövqedə yer alan kifayət qədər yerlimiz var ki, onlara da güvənmək olar”.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt