"Azərbaycan millisinin baş məşqçi postuna 32 namizəd həddindən artıq çoxdur. Yığmamıza nə Çezare Prandelli, nə De Byazi, nə də Oleq Kononov kömək edə bilər".
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Ramal Hüseynov deyib.
Veteran yarımmüdafiəçi yığmamızın və futbolumuzun hazırkı durumundan danışıb. O bildirib ki, çalışdırıcılara lazımı imkan verilsə, nəsə etmək mümkündür: "Hazırda adları yığmamızla hallanan mütəxəssislərdən də adlı-sanlıları Azərbaycanda işləyib. Amma milli ilə heç nə edə bilməyiblər. Bu da onlara imkan verilməməsi səbəbindəndir. Çünki əsas komandanı AFFA-dan idarə edirlər, baş məşqçi isə heykəl funksiyasını daşıyır. Məncə, millimizin çalışdırıcısı azərbaycanlı olmalıdır. Ən azından futbolçuları tanıyır, hansı durumda olduqlarını görür və bilir. Xarici məşqçi gəlib bunları öyrənənə kimi nəsə etməsinə vaxtı çatmır, göndərirlər.
Hüseynov Premyer Liqanın da yaxşı günlərini yaşamadığını qeyd edib: “Çempionatımız çox aşağı səviyyədədir. U-19 yığmamızın heyətində oynayan futbolçuların çoxu ehtiyatda oturur, meydana çıxmırlar. Oynamırlarsa, bunlardan seçmə matçlarda nə tələb edəsən? U-21 millisində də eyni mənzərədir. Futbolçu 23 yaşa çatdıqda yaşlı hesab olunur və müqavilə imzalayan da olmur. Sonra da gəlib məcburiyyətdən mənimlə həvəskar liqalarda oynayırlar. Premyer Liqada komanda sayı çox azdır. AFFA-da futbol adamı işləmir. Bir-iki nəfər var, onu da göz muncuğu kimi qoyublar ki, əllərində sübut olsun".
Veteran futbolçu AFFA-nın onunla maraqlanmasından da gileylənib. Hüseynov karyerasının parlaq vaxtında yanında olan insanların da hazırda “yoxa çıxdığını” qeyd edib: "Qarabağ", "Neftçi" və ya başqa klublarımız böyük transferlər edir. Niyə o qədər pul verib oyunçu alırlar? Həmin pulu uşaq futboluna yatırsalar. Həmin futbolçudan 2-3 ilə beşini yetişdirərlər. Mən neçə illər Azərbaycan futboluna can qoydum, Avropaya kimi getdim. Lakin indi heç AFFA-dan bir nəfər də zəng vurub demir ki, hardasan, nə işlə məşğulsan? Bax, bizim futbolumuz budur. AFFA-ya getdim, heç məni tanımadılar. Yalandan, yaxud hansı inkişafdan danışım? Elxan Məmmədov və onun kimiləri AFFA-da otururlarsa, işi yaxınlarına, tanışlarına tapşırırlarsa belə də olacaq. Hələ mən çox şeyləri danışmıram. Bir gün həmin məsələlərin hamısını açıqlayacam. Məşqçilərimizin çoxu kimlərin hesabına işləyir, klub prezidentinə hansı sözlər verilir, hamısından xəbərdaram. Böyük klublarda oynadığın vaxtlarda adamın yanında çox “dost” olur. Sonradan, indiki dönəmdə ikiüzlüləri tanıdım".
Hüseynovun sözlərinə görə, hazırda Azərbaycanda ölkə xaricində oynaya biləcək futbolçu yoxdur. O bildirib ki, millimizin və “Qarabağ”ın hücumçusu Mahir Emreli kifayət qədər reklam olunduğu üçün adı tez-tez hallanır: "Legioner həyatı yaşamaq hər futbolçunun işi deyil. Bizim vaxtımızda güclü oyunçular, təmiz rəqabət var idi. Ona görə irəliləyiş olurdu. İnanın, fikirləşirəm ki, xaricdə oynaya biləcək azərbaycanlı adı çəkim. Tapa bilmirəm, yoxdur. Bilirsiz, futbolçularımız nəyə görə xaricə getmək istəmirlər? Axı bu gedişin dönüşünü də fikirləşirlər. Arada eşidirəm ki, Mahir Emrelini filan klub istəyir, bir həftə sonra yazırlar, guya böyük klub onu transfer edəcək. Bəsdirin, belə cılız reklamlardan əl çəkin. Əgər Mahiri istəyən olsaydı, çoxdan aparardılar. Bizdə xaricdə oynayası futbolçu yoxdur. Bu yaşımda bir dəfə toplanış keçsəm, inanın çempionatda çox rahat oynayaram. Hələ legionerlərdən də yaxşı çıxış edərəm. BFL və MFL liqasında oynayıram. Özümü formada saxlamaq üçün edirəm. Futbolumuz o günə qalıb ki, yaxşı legioner də gəlib oynamır, gələnlər də bizimkilərin səviyyəsində oynayır".
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı