"Millimizin qrupdan çıxması 20 faiz inandırıcıdır" - Fərid Quliyev
10.03.2020 - 15:17
"Millimizin qrupdan çıxması 20 faiz inandırıcıdır" - Fərid Quliyev

"Millətlər Liqasının ilk ilindəki rəqiblərlə müqayisədə indikilər daha ağır komandalardır. Amma yenə də kağız üzərində olanlar başqa, meydanda olanlar başqadır".

Bunu apasport.az saytına Azərbaycan millisinin veteran hücumçusu Fərid Quliyev deyib.

UEFA Millətlər Liqasındakı rəqiblərimiz Lüksemburq, Kipr və Monteneqronu dəyərləndirən Quliyev yığmamızın qrupdan çıxmaq şansını çox aşağı görür: "Millətlər Liqasında ilk dəfə Kosovo, Malta və Farer adaları ilə eyni qrupa düşmüşdük. Onlar kağız üzərində bizdən zəif idilər. Lakin meydanda hər şey tam fərqli göründü. Kosovonun özü sürpriz nəticə göstərdi. Budəfəki rəqiblərimizdən Lüksemburq son illər yüksəlişdədir. Monteneqro da güclüdür. Kiprin isə yaxşı komandası var. Real baxsaq, millimizin qrupdan çıxması çox çətin olacaq. Nəzərə alaq ki, hələ də baş məşqçi yoxdur. Baş məşqçi gələndən sonra komandanı çətin komandalara qarşı hazırlamalıdır. Futbolda hər şey olur, öncədən proqnoz vermək çətindir. Ancaq mən deyərdim ki, indiki durumda Azərbaycan millisinin qrupdan çıxması 20 faiz inandırıcıdır”.

Futbolçu ikən Monteneqro və Lüksemburqa qarşı oynamış sabiq forvard onları güclü komanda adlandırıb: “Rəqiblərin heyətində olan futbolçuların harada oynadıqlarını bilirik. Monteneqro və Lüksemburqa qarşı oynamışam. Monteneqro güclü komandadır, balkanın ən güclülərindəndir. Əslində onlar daha yüksək liqada olmalıydı. Sadəcə, Monteneqro futbolunda nələr baş verdiyini bilmirəm. Son illər sanki nəticə verə bilmirlər. 2010-cu ildə həm Monteneqro, həm də Lüksemburqla keçirilən yoxlama görüşündə iştirak etmişəm. İkincilərə qol da vurmuşam, Lüksemburq o vaxtı da yüksəlişdə idi. Hazırda Azərbaycan yığmasından daha baxımlı futbol oynayır. 2-3 seçmə mərhələdir ki, oyunlarına baxıram, maraqlı futbol sərgiləyirlər. Monteneqronun isə o vaxt heyətində Mirko Vuçiniç kimi futbolçu çıxış edirdi, hazırda isə Stefan Yovetiç oynayır".

Gənc mütəxəssis millinin baş məşqçi postunun boş qalmasının yaxşı hal olmadığını vurğulayıb: "Xatırlamıram ki, millimizdə baş məşqçi postu nə vaxtsa bu qədər uzun müddət boş qalsın. Bu heç də yaxşı əlamət deyil. Özü də nəzərə alaq ki, yığmamız Millətlər Liqasında ağır qrupa düşüb. Uzun müddətdir baş məşqçisiz qalmaqda pozitiv bir şey görmürəm. Mənə elə gəlir ki, Nikola Yurçeviçin istefaya göndərilməsi, müqavilənin artırılmaması səhv addım idi. Çünki o, bir il idi işləyirdi və hamını tanıyırdı, hər şeyi bilirdi".

Yığmamızın üzvləri Emil Balayev və Ramil Şeydayevin Azərbaycana dönüşünə münasibət bildirən Quliyev ikincinin doğru addım atmadığını düşünür: "Emil Balayev Qazaxıstandan Azərbayana qayıtdı. Qazaxıstan liqası Axərbaycan çempionatından üstündür. Amma Emilin geridönüşünü karyerasında geriyə addım hesab etməzdim. Klubsuz, praktikasız  qalmaqdansa, oynamağı seçdiyinə görə seçimini normal qaşılayıram. Amma Ramil Şeydayevin Rusiya Premyer Liqasından sonra Azərbaycan çempionatına gəlməsini geriyə addım hesab edirəm".

Qeyd edək ki, Fərid Quliyev Azərbaycan millisinin heyətində 7 oyunda 1 qol vurub.