“Keşlə” ilə müqavilə müddətim mayda bitəcək. Komandada qalıb-qalmayacağım hələ bəlli deyil”.
Bunu apasport.az saytına “Keşlə”nin yarımmüdafiəçisi Ruslan Qurbanov deyib.
29 yaşlı hücumameyilli oyunçu başqa təkliflərinin olmasına baxmayaraq, legioner həyatı yaşamaq arzusundadır. O, yayda ilk olaraq xaricdən gələn təklifi nəzərdən keçirəcəyini söyləyib: “Keşlə”dən yeni müqavilə ilə bağlı təklif almamışam. Əgər olarsa, oturub danışaram. Amma başqa 3 variantım var. Onlardan biri ölkə xaricindəndir, ikisi yerli klublardan. “Keşlə” ilə müqaviləmə sona qədər sadiq qalacağam. Şəxsən mən xaricdə oynamağın tərəfdarıyam. Ötən il Belarusdan gələn təklifi qəbul etmədim. Ancaq bu dəfə mütləq legioner həyatı yaşamaq, xaricdə oynamaqla yenidən milli komandaya qayıtmaq istəyirəm”.
Qeyd edək ki, Ruslan Qurbanov “Keşlə”yə ötən ilin yayında “Səbail”dən keçib.