"Geniş danışası bir şey yoxdur. Pis olan odur ki, evdə böyük hesabla uduzduq".
Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”la keçirilən oyun barədə danışarkən deyib.
Öz meydanlarında 0:6 hesablı yenilgiyə oyunsonrası mətbuat konfransında münasibət bildirən Həşimov narazılıqlarını dilə gətirib: "Təəssüf ki, mübarizəsiz təslim olduq. Ən böyük problem budur. Turnir cədvəlinə baxanda hazırda 5-ciyik, kubokda isə yarımfinalda oynayacağıq. Təsim olmaq fikrimiz yoxdur. Bu oyuna görə hansı tədbirlər lazımdırsa, komandanın içində özümüz görəcəyik".
- Komandanız son 2 oyunda 3 dəfə “qırmızı” ilə cəzalanıb və bunların ikisi birbaşa olub. Belə intizamsızlığa səbəb nədir?
- Bu, ən böyük problemdir. Yəqin ki, qələbə istəyi çoxdur. Hər iki matçdan əvvəl belə söhbətimiz olub. Elə mövqedəyik ki, hər an irəli gedə və ya geri düşə bilərik. Bu da uşaqları təzyiq altında saxlayır. Ancaq nə olur-olsun, ona rəvac vermir ki, bu qədər çox cəzalanan olsun.
- Azarkeşlər sizi istefa verməyə çağırırdılar...
- Azarkeşin istefa tələb etməsi normaldır. Onlar qələbə gözləyirlər. Səhv eləmirəmsə, “Zirə”də 14-cü oyunumuz idi, 4-cü dəfə uduzduq. Təslim olmayacaq, sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefaya çağırmasını normal qəbul edirəm. Onlara deyəsi bir söz yoxdur.