Plotsk “Visla”sının müdafiəçisi Anton Krivotsyukun legioner həyatı qısa çəkə bilər.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu Azərbaycana qayıtmağa yaxındır.
Premyer Liqa təmsilçisi “Neftçi” milli komandamızın üzvünü yenidən heyətinə qatmaqda maraqlıdır. Mövsümün əvvəlində məhz “Neftçi”ni “Visla”ya dəyişən Antonun Polşada işləri yolunda getmir. Çünki Plotsk təmsilçisi ciddi maliyyə problemi yaşayır. Krivotsyuk da daxil olmaqla bir neçə oyunçunun məvacibini ödəməkdə çətinlik çəkən “Visla” artıq onları “gözdən çıxarıb”.
Müdafiəçi bu ildən əsas heyətdəki yerini də itirib. Onun “Neftçi”yə qayıtma məsələsində yeganə problem “Visla” ilə uzunmüddətli müqaviləsinin olmasıdır. “Ağ-qaralar” bunu nəzərə alaraq, sabiq futbolçusunu icarəyə götürmək fikrinə düşüb. Hətta oyunçunun özü də bu barədə məlumatlandırılıb.
Qeyd edək ki, Anton Krivotsyukun “Visla” ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.