Konfrans Liqasında III təsnifat mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, “Neftçi”nin pley-offdakı potensial rəqibləri “Makkabi” (Hayfa, İsrail) ilə HB (Farer adaları) arasında ilk oyun keçirilib.
Hayfadakı görüş gözlənilən nəticə ilə yekunlaşıb. Doğma divarlar arasında 7:2 hesablı qələbə qazanan “Makkabi” növbəti mərhələyə vəsiqəni, demək olar ki, həll edib. Komandalar arasında cavab qarşılaşması avqustun 12-də Torshavnda olacaq.
Bu cütün qalibi Avropa Liqasının III təsnifat mərhələsindəki “Neftçi” – HİK duelinin məğlubuna rəqib olacaq. Çempionlar Liqasından ikinci dərəcəli turnirə düşən Azərbaycan çempionu HİK səddinə də ilişərsə, avrokuboklarda mübarizəni davam etdirmək üçün Konfrans Liqasının pley-offunda “Makkabi” – HB cütündən üstün ayrılacaq komandaya qalib gəlməli olacaq.
Qeyd edək ki, “Neftçi” ilə HİK arasında Bakıdakı ilk oyun 2:2 hesabı ilə nəticələnib. Cavab matçı avqustun 12-də Helsinkidə keçiriləcək.