“Neftçi”də Demyanenkonun zamanını xüsusi qeyd edərdim” - Dmitri Kruqlov
17.02.2020 - 12:34
“Neftçi”də Demyanenkonun zamanını xüsusi qeyd edərdim” - Dmitri Kruqlov

“Neftçi”nin oyununu və çempionluq şansını dərindən dəyərləndirmək mənim üçün çətin olar. Amma onu deyə bilərəm ki, bu komanda hər zaman birinci yer üçün oynayıb. İndi də iddialılar sırasındadır”. 

Bunu apasport.az saytına “Neftçi”nin sabiq futbolçusu Dmitri Kruqlov deyib.

“Ağ-qaralar”ın formasını geyinmiş estoniyalı komandanın baş məşqçisi Füzuli Məmmədov haqda da danışıb. O, gənc mütəxəssislə birlikdə çalışdığını xatırlayıb: “Füzuli Məmmədovu çox yaxşı tanıyıram. Vaxtilə futbolçu kimi ona qarşı oynamışam. Bir müddət “Rəvan”da da oynadım. Elə həmin vaxtı bu klubda Füzuli Məmmədovla çalışmışam. Yəni onu yaxşı tanıyıram. Ona “Neftçi”də uğurlar arzu edirəm”.

Bakı klubunda çıxış etdiyi iki il ərzində bir çox oyunların yaddaqalan olduğunu bildirən müdafiəçi bir məşqçinin adını xüsusi vurğulayıb: “Neftçi”də çox yaxşı oyunlarımız olub. Hamısı da yaddaqalan idi. Amma baş məşqçimiz Anatoli Demyanenkonun zamanını xüsusi qeyd edərdim”.

Qeyd edək ki, Kruqlov 2008-10-cu illərdə “Neftçi”də oynayıb.