“Azərbaycanda çalışmağımın üzərindən 6 il vaxt keçib. Bu müddətdə orada məşqçilər, rəhbərlik, futbolçular, həmçinin oyun stilləri dəyişib. “Neftçi” artıq güclənib, oturuşmuş heyəti var və stabil oyun ortaya qoyur”.
Apasport.az saytının məlumatına görə, bunu Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
Ölkəmizdə uzun müddət “İnter”də (indiki “Keşlə”də) çalışmış təcrübəli mütəxəssis gərgin qrafikdə çıxış etdiklərini və bunun futbolçuları yorduğunu bildirib: “Ağır dönəmdən keçirik. Çünki dörd gündən bir oyuna çıxırıq. Oyunlar arasında cəmi bir dəfə tam məşq etməyə vaxt olur. Bu da yorucudur. Belə vəziyyətdə həm daxili birincilikdə, həm də Çempionlar Liqasında mübarizə aparmaq bizim üçün çox ağırdır. “Neftçi”dən əvvəlki çempionat oyunumuzun təxirə salınmasını xahiş etsək də, bu, müsbət cavablandırılmadı. Bizdən fərqli “Neftçi”nin matça hazırlaşmaq üçün maksimum vaxtı olub. Rəqibi araşdırmışıq, bu iki komandanın oyun üslubu bir-birinə bənzəyir. Üç mərkəz müdafiəçi ilə oynayırlar, individual cəhətdən güclü və sürətli oyunçuları var. Bu mənada sabahkı oyun çətin olacaq”.
Sxadadze “Neftçi”dən ona tanış olan 3 sima barədə də fikir bildirib: “Neftçi”nin çempionluğunda Samir Abasovun böyük rolu var. Çünki məhz onun gəlişi bu çempionluqda xüsusi rol oynadı. Əvvəlki komandasında uğurlu işi “Neftçi”yə qoşulmasına səbəb oldu. Samir Abasov gələnə qədər “Neftçi”nin “Qarabağ” önündə heç bir şansı yox idi. O ki qaldı mənə tanış digər simalara, Vojislav Stankoviç möhtəşəm futbolçudur. Bizim dönəmimizdə Azərbaycana gəlmişdi. Aparıcı futbolçudur, liderliyi "Neftçi"yə keçidində rol oynadı. Həmçinin Sezar Meza Kollinin də təcrübəsi sabahkı oyunda öz təsirini göstərəcək. Ancaq sabah biz onlarla rəqib olacağıq”.
Qeyd edək ki, sabah Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək “Dinamo” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.