“Neftçi”nin 34 yaşlı forvardı qayıtdı
17.01.2022 - 13:46
“Neftçi”nin 34 yaşlı forvardı qayıtdı

“Neftçi” daha bir futbolçusuna qovuşub.

Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, hücumçu Tiaqo Bezerra artıq komandanın Antalyadakı toplanışına qatılıb.

Koronavirusa yoluxduğu üçün bir müddət ölkəsi Braziliyada qalmalı olan 34 yaşlı forvard hazırda baş məşqçi Samir Abasovun sərəncamındadır.

Koronavirusa görə, vətənlərində “ilişib” qalan son çempionun digər futbolçuları Sezar Meza Kolli və Xorxe Korreanın isə yaxın günlərdə Türkiyəyə bileti alınacaq. Onların da bu həftə kollektivə qoşulması gözlənilir. Paraqvaylı Sezar özü koronavirusa yoluxmuşdusa, argentinalı Xorxe ailə üzvlərində xəstəlik aşkarlandığı üçün karantinə alınmışdı. Meza Kollinin dünənki testi neqativ çıxıb.

Qeyd edək ki, yanvarın 10-dan Antalyada təlim-məşq toplanışında olan “Neftçi” ayın 25-dək qardaş ölkədə hazırlığını davam etdirəcək.