“Neftçi”nin sabiq futbolçusuna Azərbaycandan təklif: “1,5 illik müqavilə tələb etdim”
21.01.2022 - 13:15
“Neftçi”nin sabiq futbolçusuna Azərbaycandan təklif: “1,5 illik müqavilə tələb etdim”

“Neftçi”nin sabiq futbolçusu Levent Kartop karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 43 yaşlı mütəxəssisin bu dəfə baş məşqçi kimi Premyer Liqada çalışmaq ehtimalı var.

Çünki bu günlərdə elita təmsilçilərimizdən birinin rəsmiləri Antalyada onunla görüşüb. Danışıq zamanı Kartopun əsas komandaya baş məşqçi təyinatı məsələsi müzakirə olunub. Hər iki tərəf öz şərtlərini bildirib.

Həmin klubun adını dəqiqləşdirə bilməsək də, bunun “Neftçi”, “Keşlə” və ya “Səbail” olduğunu ehtimal etmək olar. Hazırda Antalyada təlim-məşq toplanışında olan komandalardan yalnız “Neftçi”nin baş məşqçi dəyişikliyinə getmə məsələsi gündəmdədir. “Səbail” və “Keşlə” də hər an çalışdırıcısını dəyişə bilər. Ancaq elitanın autsayderləri Bakıda toplanış keçir.

Levent Kartop özü də apasport.az saytına açıqlamasında məlumatı təsdiqləyib. Gənc çalışdırıcı ad çəkməsə də, danışıqların təfərrüatlarını açıqlayıb: “Bəli, Azərbaycanın Premyer Liqa klublarından birinin rəsmiləri ilə görüşüm olub. Həmin komandanın adını açıqlamağım indi doğru olmaz. Ancaq onu deyə bilərəm ki, mənim üçün 1,5 illik müqavilə önəmlidir. İlk olaraq sistemi oturtmaq, ardından düzgün transferlərlə klubu yüksəklərə daşımaq və stabilliyi təmin etmək istəyirəm. Üstəlik, onlara akademiyanın oyunçularına da şans vermək istədiyimi bildirdim. Qısamüddətli hədəflər olmaz. İlk görüşümüz müsbət məcrada keçdi”.

Məşqçi kimi “Dənizlispor”dakı fəaliyyəti ilə yadda qalan Kartop Azərbaycanda çalışmaq arzusunda olduğunu da gizlətməyib: “Azərbaycanı çox sevirəm, orada gözəl dostlarım var. Azərbaycan futbolu da doğru yolda irəliləyir. Qardaş ölkədə çalışmaq mənim üçün fəxr olar. Təbii ki, razılıq əldə olunarsa, gəlmək istəyərəm. “Dənizlispor”la Super Liqada çalışmaq təcrübəm var. Ötən mövsüm də “Konyaspor”un II liqadakı komandasının sükanı arxasında oldum”.

“Sabiq komandanız “Neftçi”də baş məşqçi dəyişikliyi istisna deyil. Bəlkə danışıq apardığınız klub elə onlardır”, - sualını mütəxəssis belə cavablandırıb: “Əlbəttə ki, Neftçi”də çalışmaq istəyərəm. Ancaq indi ad çəkə bilmərəm”.

Qeyd edək ki, Levent Kartop 2008/09 mövsümünün ilk yarısında “Neftçi”nin formasını geyinib.