“O mənə yaxınlaşa bilər" – Maksim rekordundan “apasport”a danışdı
26.02.2022 - 13:28
“O mənə yaxınlaşa bilər" – Maksim rekordundan “apasport”a danışdı

“Mən heç vaxt hər hansı rekordların dalınca qaçmırdım”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Ağdam təmsilçisinin kapitanı avrokuboklarda 114-cü oyununu keçirərək qitə miqyaslı turnirlərdə ən çox matçda iştirak edən Azərbaycan futbolçusu adına yiyələnib. 33 yaşlı müdafiəçi Rəşad Sadıqovun rekordunu qırmasına münasibət bildirib: “Həmişə çalışmışam stabil olum və komandaya xeyir verim. Nəticələr özü gəlir. Vaxt gələcək və kimsə mənim də oyun sayımı keçəcək”.

Maksim karyerasının sonunadək bu rəqəmi daha da artıracağına inam ifadə edib: “Bəli, nəticələr yəqin artacaq, çünki hələ futboldayam. Hər futbolçuya böyük oyunlar oynamaq nəsib olmur. Artıq 2009-cu ildən bu turnirlərdə iştirak edirəm. 13 ildir bu oyunları oynayıram. Özümü stabil saxlamağa çalışıram, bu çox çətin bir işdir”.

Maksim ən yaxın izləyicisinin də adını açıqlayıb: “Futbolçuların arasında ancaq Qara Qarayev mənə yaxınlaşa bilər. Çünki o da özünə baxan futbolçudur”.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin fevralın 24-də keçirilən “Qarabağ” – “Marsel” oyununda “114”ə çatıb.