"Obameyanq da bir metrdən qapıya düşə bilmədi" - Slavik Alxasov
01.03.2020 - 17:54
"Obameyanq da bir metrdən qapıya düşə bilmədi" - Slavik Alxasov

"Biz bu matça çox ciddi hazırlaşmışdıq. "Sumqayıt"ın çox sürətli, gözəl futbol oynayan komanda olduğunu bilirdik. Məncə, heç-heçə ədalətli nəticə oldu".

Bunu apasport.az saytına “Keşlə”nin futbolçusu Slavik Alxasov deyib. 

Komandasının kapitanı Premyer Liqanın XIX turu çərçivəsində “Sumqayıt”la (2:2) oyunu şərh edib. O, son dəqiqədə Şahruk Qadoyevin vurduğu zərbə zamanı rəqibin müdafiəçisi Sərtan Taşqının topu boş qapıdan çıxarmasını şərh edərkən, Avropa Liqasının 1/16 final mərhələsinin "Arsenal" - "Olimpiakos" qarşılaşmasını xatırlayıb: "Düzdür, son dəqiqədə də 100 faizli qol imkanımız oldu. Amma alınmayanda alınmır. Keçən həftə "Arsenal" - "Olimpiakos" matçında Obameyanqın yüz faizli qol imkanı oldu, amma 120-ci dəqiqədəki epizodda bir metrdən qapıya düşə bilmədi. Halbuki həmin qolu vursaydı, "Arsenal" 1/8 finala yüksələcəkdi. Yəni futbolda belə hallar olur".

Alxasov qarşılaşmanın 80-ci dəqiqəsində komandasını məğlubiyyətdən xilas etdiyi baxımlı qolu da şərh edib: "Həqiqətən də gözəl qol alındı. Məncə, hələ gözəl qollar qarşıdadır. Çempionatın sonuna 10 tur qalıb. Vurduğum qol mövsümün ən yaxşısı seçiləcək, ya yox, bunu bilmirəm. Buna yekunda baxarıq".

Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Keşlə" qarşıdakı turda "Qarabağ"ın rəqibi olacaq. Komandanın kapitanı Ağdam təmsilçisi ilə görüşdəki şanslarını da dəyərləndirib: "Qarabağ"a qarşı oyunumuz asan olmayacaq. Amma biz onlarla matça yüksək səviyyədə hazırlaşıb, maksimum nəticəyə oynayacağıq. Rəqibin kim olduğunu, necə komanda olduğunu hamımız bilirik".