"Onların bizdən nə gözlədiyini bilirik " - Anar Nəzirov
16.01.2020 - 23:17
"Onların bizdən nə gözlədiyini bilirik " - Anar Nəzirov

“Toplanış zamanı hər şey istədiyimiz kimi yüksək səviyyədə keçir. Plana uyğun şəkildə məşqlər edirik".

Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin kapitanı Anar Nəzirov deyib.

Klubun rəsmi saytına açıqlama verən təcrübəli qapıçı komandasının Antalya toplanışını dəyərləndirib. 35 yaşlı qolkiper yaxşı forma yığmağa çalışdıqlarını söyləyib: "Hər bir futbolçu çalışır ki, məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirsin. Bizi mövsümün ikinci yarısı, çətin və vacib oyunların gözlədiyini bilirik. Bu səbəbdən də toplanışdan maksimum yararlanmaq, tapşırıqları 100 faiz yerinə yetirmək üçün çalışırıq”.

Nəzirov Macarıstanın MTK klubuna qarşı keçirilən ilk yoxlama oyununa da (0:3) toxunub: “Hazırlığın ilk hissəsini Bakıda keçirdik. Orada yükləmələr oldu. Bunun davamını Türkiyədə gerçəkləşdiririk. Artıq Antalyada ilk yoxlama matçını da keçirmişik. Düzdür, bu qarşılaşmada məğlub olduq. Lakin məşqçilərin də dediyi kimi, istədiklərimizin bir hissəsini ala bildik. Hər iki hissədə fərqli heyət oynadığı üçün müəyyən səhvlərin olacağı gözlənilən idi. Buna baxmayaraq, var gücümüzlə, əzmlə çalışıb, məşqlərimizi davam etdiririk”.

Qapıçı mövsümün ikinci yarısında uğurlu çıxış etməyə kökləndiklərini və buna çalışdıqlarını bildirib: “Komandanın hazırlığına gənc futbolçular da qoşulub. Bu, akademiyamızın yetirmələri üçün inkişaf baxımından çox faydalıdır. Azarkeşlərin və klub rəhbərliyinin bizdən nə gözlədiyini bilirik. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik. Mövsümün ilk yarısının sonlarındakı uğurlu çıxışın davamını gətirmək istəyirik”.
 

0
Anar Nəzirov Qəbələ toplanış