“Orada Məmmədov oturur, nə qərarlar verir, başım çıxmır” - Ağatahir Əzimov
04.02.2020 - 15:12
“Orada Məmmədov oturur, nə qərarlar verir, başım çıxmır” - Ağatahir Əzimov

"Əgər qoyun sözü təhqir sayılırsa və buna görə 5 oyunluq cəza verirlərsə, mənim daha sözüm yoxdur".

Bunu apasport.az saytına 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimov deyib.

I Liqanın “Rayyan”la matçında öz oyunçularını təhqir etdiyi üçün 5 oyunluq diskvalifikasiya edilən Əzimov bu qərara münasibət bildirib. O, AFFA İntizam Komitəsinin haqsız cəza kəsdiyini düşünür: "Dörd oyunçumuz rəqibin iki futbolçusuna qarşı çıxmışdı. Oyunçum həmin epizodda topu rəqibə verdi, onlar da bizi azlıqda yaxalayıb qol vurdular. Mən də oyunçuma dedim ki, qoyunsan, görmürsən nə edirsən? Yanıma gəlib bildirdilər ki, texniki zonanı tərk edin, oyunçunu təhqir etdiniz. Bu sözə görə 5 oyunluq cəza verirlərsə, bunların ağlı yoxdur. Hakim səhv edir, futbolçu əllə oynayır, onlara söz demirlər, amma mənə deyirlər ki, heyvan adı çəkdin. Belə çıxır ki, "ayı kimidir, oyunçuları yıxır" desəydim, bu da təhqir sayılacaqdı".

Yığma üzvləri ilə münasibətinin yaxşı olduğunu söyləyən baş məşqçi cəzanın onun üçün elə böyük önəm kəsb etmədiyini vurğulayıb: "Futbolçularımdan soruşun, görün onlara indiyə qədər ağır söz demişəmmi? Oyunçularımla münasibətim əladır. Yaxınlaşıb istənilən futbolçumdan soruşa bilərsiniz. Nə cəza veriblər, özləri bilərlər. Mən, onsuz da, yenə komandamla olacağam, oyunlarda yarım metr arxada dayanacağam. Aramızda bir reklam lövhəsi olacaq. Köməkçimə tapşırıqları verəcəm, o da dəyişiklikləri edəcək. Bu qərarı verənlərlə söz güləşdirəsi deyiləm".

Ağatahir Əzimov əsasən AFFA Hakimlər Komitəsinin üzvü Elçin Məmmədovu günahlandırıb. Baş məşqçi U-19-a qarşı qərəzli mövqe tutulmasından gileylənib: "Əcnəbi məşqçi öz dilində ağır söyüş işlədir, hansı ki, bunun tərcüməsini hamı bilir, ancaq ona söz deyə bilmirlər. Orada Elçin Məmmədov oturur, nə qərarlar verir, başım çıxmır. Futbolda hər şeyi düzüb-qoşdu, indi də futzalı dağıdır. Başqaları hakimin üzünə söyürlər, onlara heç sarı vərəqə verilmir. U-19 komandasını ötən ildən sıxırlar. Elə bil milli yox, düşmən komandasıyıq. Futbolçum "podkat" edir, heç nədən qırmızı vərəqə verilir. Az qala hər matçda futbolçularımı meydandan qovurlar".