“Məqsədimiz birinci oyunda evdə qələbə qazanmaq idi. Buna da nail olduq”.
Bunu apasport.az saytına “Samtrediya”nın futbolçusu Nicat Qurbanov deyib.
Gürcüstan Yüksək Liqasının II turunda təmsilçimizin komandasını rəqibini məğlub edib. Qurbanovun penaltidən vurduğu qol “Samtrediya”ya “Torpedo” (Kutaisi) üzərində qələbə qazandırıb.
O bildirib ki, fərqlənəcəyinə əmin olub: “Kutaisi “Torpedo”suna qarşı oyunumuz pis alınmadı. Hesabı artıra da bilərdik, amma bir qol da qələbəmizə kifayət etdi. Oyundan qabaq baş məşqçi penalti olarsa, kimin yerinə yetirəcəyi tapşırığını verir. Penalti təyin edildi və mən özümə əmin idim. Gəldim və şadam ki, dəqiq yerinə yetirdim. Cari mövsümki məqsədimiz hər matçda qələbə qazanmaqdır. İstəyimizə nə dərəcədə nail olacağımızı sonda görəcəyik”.
28 yaşlı futbolçu Gürcüstan Yüksək Liqasındakı çıxışından da söz açıb. Yarımmüdafiəçi qonşu ölkə çempionatının səviyyəsi və oradakı məqsədlərindən də danışıb: “İndi bütün komandalar futbol oynamağı bacarır. Yəni 7-8 il bundan əvvəlki kimi deyil. Açıq şəkildə liderlər seçilmir, bu da çempionata marağı artırır. Keçən il birinci divizionda idik, bu il isə əsas liqada oynamaq başqa cür maraqlıdır. Çünki “Samtrediya”nın əsas liqaya qayıtmasında kömək etmişəm. Burada uğurlu çıxış edib, Azərbaycan millisinin formasını geyinmək istəyirəm”.