"Real"ın futbolçusu Luka Yoviçin koronavirus pandemiyası ilə əlaqədar Madriddə iki həftəlik karantin elanına məhəl qoymayaraq Serbiyaya yollanmasına atası Milan Yoviç münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, ata Yoviç ölkəsində həbs edilmək təhlükəsi olan oğlunun qaydalara əməl edəcəyini söyləyib.
O, əks təqdirdə, Lukanın saxlanılması ilə razılaşacağını deyib: "Luka koronavirus üçün iki dəfə tibbi testdən keçdi, ikisi də mənfi nəticə verdi. Buna görə də, Serbiyaya qayıda biləcəyini düşünürdü. Əgər oğlumu həbs etsələr, onun cinayətkar olduğu təsəvvürü yaranacaq. Serbiya prezidenti və baş nazirinin cinayət cəzası ilə tamamilə razıyam, ancaq oğlum günahkardırsa. Luka qanunu pozarsa, bu qərarı dəstəkləyəcəyəm. Amma o, Belqrada gəldi və evdə qaldı. Sevgilisi Sofiya hamilədir, ad gününü qeyd etmək üçün evdən çıxa bilmədi. Onun Luka ilə əyləndiyini əks etdirən bir neçə fotoşəkil ortaya çıxıb, amma bunlar İspaniyada çəkilib".
Qeyd edək ki, Serbiya prezidenti Aleksandr Vuçiçin qərarına əsasən, Luka Yoviç evdən çıxacağı təqdirdə həbs olunacaq.