"Evdə qələbə qazanıb, ümumən turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik".
Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ"yə evdə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
Çalışdırıcı mətbuat konfransında fikirlərini bölüşüb: "Oyun istədiyimiz kimi gedirdi, qol da vurduq. Sonradan şanslardan istifadə edə bilmədik. Daha sonra oyunun gedişatı dəyişdi. Təəssüf ki, bu tur da istəyimizə nail ola bilmədik".
- Hər iki qolda Orxan Sadıqlının səhvi var idi. Hesab etmirsiniz ki, ən zəif bəndiniz qapıçınızdır?
- Bir neçə oyundur bu barədə danışılır. Az qala qapımıza gələn hər zərbə qolla nəticələnir. Meydanda legioner oynatmaq üçün məcburam ki, Orxanı qapıya qoyum.
- İkinci hissədə sönük olmağınız nə ilə bağlı idi?
- Əslində bir neçə hücumumuz oldu. Hesabda öndə olanda komanda istər-istəməz geri çəkilir.
- Meydanın mərkəzində top paylayan yox idi. Cavid Hüseynov olmayanda bu işi görə biləcək futbolçunuz yoxdur?
- Ümumilikdə komandada böyük problemlər var. Cavid cəzalı, Tellur zədəlidir. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Orta sahədəki futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də orada topu saxlamaqda çətinlik çəkirdik.