“Qarabağ” – “Neftçi” derbisi 6 xallıq oyundur” – İlham Yadullayev
12.02.2021 - 17:22
“Qarabağ” – “Neftçi” derbisi 6 xallıq oyundur” – İlham Yadullayev

“Neftçi” ilə “Qarabağ” arasında keçirilən oyunlar tarixi derbi sayılır”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu İlham Yadullayev bu komandalar arasında Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində sabah keçiriləcək oyun barədə danışarkən deyib.

Hazırda “Turan Tovuz”un baş məşqçisi olan mütəxəssis ağdamlıları Azərbaycan derbisinin favoritini hesab edir: “Bu iki komanda arasında matçlar həmişə gərginliyi ilə diqqət çəkib. “Qarabağ” bu gün təkcə Azərbaycanda yox, Avropada öz sözünü deyən komandadır. Avrokuboklarda hər birimiz “Qarabağ”la nəfəs alırdıq. “Neftçi”nin yetirməsi olsam da, etiraf etmək lazımdır ki, son illər bu komanda bir az kölgəyə çəkilib. Düzdür, axır vaxtlar pis oyun göstərmirlər. Sabahkı oyunun favoriti mənə görə “Qarabağ”dır”.

46 yaşlı məşqçinin fikrincə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş çempionluq uğrunda mübarizədə böyük təsir gücünə malik olacaq: “Qarşıda hələ çox oyun var. Sadəcə olaraq, 1-2-ci pillələrdəki rəqiblərin görüşü həmişə gərgin olur. Deyərdim ki, bu, 3 yox, 6 xallıq oyundur. Qələbə qazanan tərəf üstünlüyə yiyələnəcək. Xüsusən də, “Qarabağ” qalib gələrsə, 5 xallıq fərq yaranar. Ondan sonra bu fərqi aradan qaldırmaq çətin olar. İstənilən halda düşünürəm ki, “Qarabağ” bundan sonra ona lazım olan xalları toplayacaq. Bu gün həm heyəti, həm də oyunu ilə “Qarabağ” çempionluğa yaxındır. Ancaq futbolda hər şey mümkündür. Samir Abasovun gəlişi “Neftçi”nin çıxışına müsbət təsir edir. İnanıram ki, onlar “Qarabağ”a sona qədər böyük təzyiq göstərəcəklər”.

Mütəxəssis “Qarabağın” son illər asanlıqla çempionluqları sıralamasına da reaksiya bildirib. O, nəhayət ki, buna son qoyulmasının tərəfdarıdır: “Müstəqillik dönəminin ilk ilində “Neftçi” rahatlıqla çempion olmuşdu. Sonra “Neftçi”dən “Qarabağ”a gedən futbolçular oldu, heyətlərin gücü bərabərləşdi. “Kəpəz”, “Şəmkir” kimi komandalar da rəqabət aparırdılar. Bu gün isə “Qarabağ” digər komandaları böyük fərqlə üstələyir. Həm göstərilən oyun, həm futbolçu heyəti baxımından bunu görmək mümkündür. Yeddi ildir ki, bu komanda çempion olur. Çox istərdim ki, artıq “Neftçi” və digər komandalar da çempionluq uğrunda onlara rəqib ola bilsinlər”.

Yadullayev son vaxtlar “Qarabağ”a azarkeşlik etdiyini də gizlətməyib: “Sabah kimə azarkeşlik edəcəyəm? Nə “Neftçi”, nə də “Qarabağ”ın adını çəkə bilərəm. Amma “Qarabağ”ın oyunu çox xoşuma gəldiyi üçün onlara müəyyən qədər üstünlük verirəm, həm də azarkeşlik edirəm”.
 

0