“Qarabağ” & “Neftçi”: Tarixin (y)üzü
07.02.2020 - 13:39
“Qarabağ” & “Neftçi”: Tarixin (y)üzü

1992-ci il sentyabrın 26-sı... Azərbaycanın 1 nömrəli idman qurğusu olan Tofiq Bəhramov adına Respublika stadionunda ilk Azərbaycan çempionatı çərçivəsində “Neftçi” və “Qarabağ” qarşılaşırdı. Bu, iki komandanın tarixində bir-birinə qarşı ilk oyun idi. Cəmi 2000 tamaşaçının arasında olan 16 yaşlı yeniyetmə nə vaxt isə bu rəqiblər arasında 100-cü duel barədə yazacağını təsəvvürünə belə gətirməzdi. Sabah isə Azərbaycanın iki ən titullu klubu artıq 100-cü dəfə bir-birinə rəqib olacaq.

100-cü derbi
Son illərdə Azərbaycan derbisi adı alan duellərin iştirakçıları indiyədək 99 dəfə qarşılaşıblar. 1992-ci ildən başlayan 28 illik rəqabətdə “Qarabağ” böyük üstünlüyə malikdir. 39 qələbə qazanan ağdamlılar yubiley – 40-cı qələbənin astanasındadırlar. “Neftçi” isə 25-ci dəfə qalib gəldikdən sonra qələbəyə həsrətdir. 34 matçda isə qalib müəyyənləşməyib. Top fərqi də əyalət təmsilçisinin xeyrinədir. “Qarabağ” 102, “Neftçi” 87 qol vurub.

Yalnız bir dəfə
İki komanda arasında oyunların Azərbaycan derbisi adı alması təsadüfi deyil. Bu, onunla bağlıdır ki, ölkə çempionatları tarixində heç vaxt aşağı liqaya düşməyən cəmi iki klub var. Daim yüksək dəstədə, indiki Premyer Liqada mübarizə aparan “Qarabağ”la “Neftçi” 1993-cü il mövsümü istisna olmaqla bütün çempionatlarda qarşılaşıb. Həmin vaxt fərqli qruplarda çıxış edən rəqiblərin pley-offda qarşılaşmasına “Neftçi”nin yarımfinala çıxa bilməməsi səbəb olub. Hər mövsüm 2 və ya 4 dəfə görüşən komandalar çempionatda 78 dəfə üz-üzə gəlib. “Qarabağ” 29 qələbə qazanıb, 29 heç-heçə edibsə, “Neftçi” 20 dəfə qələbə qazanıb. Top fərqi də ağdamlıların xeyrinədir – 84:71.

Kubokda yollar kəsişəndə
Ölkə kubokunda isə rəqiblərin yolları 12 dəfə kəsişib. 9 dəfə iki oyundan ibarət dueldə üz-üzə gələn komandalar 3 dəfə finalda qarşılaşıb. Bu 12 duel çərçivəsində 21 matç olub. “Qarabağ” 10, “Neftçi” 5 qələbə qazanıbsa, 6 görüşdə qalib müəyyənləşməyib. 34 qolun vurulduğu qarşılaşmalarda ağdamlılar 18, bakılılar 16 dəfə fərqləniblər.

Baş tutmayan üç derbi
İndiyədək tarixə 99 derbidən üçündə texniki nəticə qeydə alınıb. “Neftçi” 1993/94 mövsümündə Tovuzda baş verən məşhur qalmaqal səbəbindən AFFA-nın bayrağı altında keçirilən yarışlardan imtina edib. Bundan sonra kubokda “Qarabağ”ın bakılılarla hər iki oyunu baş tutmayıb. Bu matçlarda ağdamlılara texniki qələbə verilib. 2000/01 mövsümündə isə “Qarabağ”ın heyətində meydana iştirak ərizəsində adı olmayan futbolçu çıxdığı üçün qarşılaşmanın nəticəsi ləğv edilib. Bu dəfə Ağdam klubuna məğlubiyyət verilib.

Cabarovun 2-ci derbisi
“Qarabağ”la “Neftçi” arasında paytaxtda tutan ilk oyunu Rüstəm Rəhimov idarə edib. Ümumilikdə isə indiyədək 29 referi bu qarşılaşmaların baş hakimi olub. Mütləq rekord 13 derbi idarə edən Fariz Yusifova məxsusdur. Xaqani Məmmədovla Əliyar Ağayevin hesabında 11 belə matç var. Sabahkı görüşdə fit çalacaq Rauf Cabarov isə 2-ci dəfə ölkənin ən titullularını meydana çıxaracaq.

Derbi 15 stadionda
“Qarabağ”la “Neftçi” arasında oyunlar nə az, nə çox – düz 15 müxtəlif stadionda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionu daha çox – 36 belə matçı qəbul edib. Bu da başadüşüləndir. Hər iki komanda burada rəqibini qəbul da edib, qonaq da olub. Hətta kubokun finalında neytral meydan xarakteri də daşıyıb. 8-ci km qəsəbə stadionu, yəni indiki “Bakcell Arena” 17, əvvəl Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu olan indiki “Azərsun Arena” 14 belə matça məkan olub.

Qol silahları
“Qarabağ”la “Neftçi” arasında əvvəlki oyunlarda 90 futbolçu rəqib qapısına yol tapıb. Paytaxt təmsilçisinin 48, əyalət klubunun 46 üzvü fərqlənib. 4 futbolçu - Georgi Adamiya, Nazim Əliyev, Tərlan Əhmədov, Vidadi Rzayev hər iki komandada qol vurub. 
Daha 8 top isə avtoqol sayəsində gerçəkləşib. Ağdamlılar 5, bakılılar 3 dəfə qapıları səhv salıb. 

Qeydə alınan hər iki het-trikə “Qarabağ”ın üzvləri imza atıb. Bunlar Reynaldo Silva və Georgi Adamiyadır.

Reynaldo həm də derbinin ən məhsuldar oyunçusudur. Braziliyalı 9 qol vurub. Müşfiq Hüseynov 8, Riçard Almeyda 7 dəfə bakılıları məyus edib. “Neftçi”nin ən məhsuldar oyunçuları isə 5 dəfə fərqlənib. Bunlardan biri “Qarabağ”ın indiki baş məşqçisi Qurban Qurbanovdur. Nikolas Kanaleslə Yunis Hüseynov da eyni sayda qola sevinib.

İkinci Azərbaycan derbisi
Uzun illər Azərbaycan derbisi adını “Neftçi”nin “Kəpəz”lə duelləri daşıyırdı. Təkcə ölkəmizdə deyil, xaricdə də bu rəqabət derbi kimi tanınırdı. Hələ 1968-ci ildə SSRİ çempionatının yüksək liqasında başlayan rəqabət həm tarixi, həm prinsipial əhəmiyyət daşıyırdı. Lakin Gəncə klubunun bir neçə dəfə adını dəyişməsi, fəaliyyətini dayandırıb sonra bərpa etməsi I diviziona yuvarlanmaları bu derbini tarixin yaddaşına göndərdi. Nəticədə ölkəmizdə ikinci Azərbaycan derbisi üzə çıxdı. İki ən titullu komandanın duelləri uğurlarına görə buna layiq görüldü. İki klub ümumilikdə 31 titula sahibdir. “Neftçi”nin 8 çempionluq, 6 kubok, 2 Superkubok və 1 Birlik kuboku, “Qarabağ”ın 7 çempionluq, 6 kubok, 1 Superkuboku var.

İntriqa vəd etməyən derbi
Bu dəfəki Azərbaycan derbisi ciddi önəm kəsb etmir. Çempionluqları sıralamaqda davam edən “Qarabağ” ildən-ilə həm yaşlansa da, həm zəifləsə də, rəqibləri, xüsusilə də “Neftçi” daha yüksək sürətlə geriləyir. Ağdamlıların yenə çempion olacağını indidən təxmin etmək mümkündür. 8 xal üstünlüyə malik liderin asanlıqla, az qala gəzə-gəzə qızıl medal qazanmaq iqtidarında olduğu hamıya bəllidir. Qışda 4 legionerini, o cümlədən 3 aparıcı üzvünü yola salan ağdamlılar yenə rəqiblərindən o qədər üstündür ki, sabah, hətta növbəti 1-2 turda da məğlub olsa belə, qızıl medal mübarizəsində favorit qalacaq. “Neftçi”nin qışda baş məşqçisini göndərməsi, heyəti ciddi şəkildə gücləndirməməsi də onu göstərir ki, “ağ-qaralar” da rəqibin əlçatmazlığı ilə barışıb. Bir sözlə, sabahkı derbi nə intriqa vəd edir, nə də çempionluq mübarizəsində rol oynayır.