“Qarabağ” üçün bu iki oyunçunun yerini doldurmaq çətin olacaq” – Aslan Kərimov
28.01.2020 - 09:43
“Qarabağ” üçün bu iki oyunçunun yerini doldurmaq çətin olacaq” – Aslan Kərimov

“Toplanış zamanı yoxlama görüşlərindəki nəticələr ikinci dərəcəli olur. Bunu hamı bilir. Bu baxımdan sınaq matçlarındakı nəticələr “Qarabağ” üçün də böyük problem deyil”. 

Bunu apasport.az saytına Azərbaycan milli komandasının sabiq futbolçusu Aslan Kərimov deyib.

“Qarabağ”ın sabiq müdafiəçisi Ağdam klubunun hazırlığını şərh edib: “Yoxlama görüşlərindəki nəticələr onların zəif və ya güclü olmasının göstəricisi deyil. Yoxlama matçlarında rəqibləri uda bilərsən, amma əsas yarışlarda istənilən nəticəni əldə edə bilməzsən. Əvvəllərə də baxsaq, “Qarabağ” təlim-məşq toplanışlarındakı oyunlarda həmişə uğurlu olmayıb. Hansısa eksperiment aparırlar, hər hissədə fərqli heyətlə oynayırlar. Ona görə də nəticə istənilən kimi olmaya bilər. Yoxlama görüşlərinin nəticələri mənim üçün göstərici deyil. Razıyam ki, “transfer pəncərəsi”ndə o qədər də aktiv deyillər. Amma “Qarabağ”ı tanıdığımıza görə deyə bilərəm ki, bütün transferlərə hərtərəfli yanaşırlar, sona qədər izləyirlər, hər məqama diqqət yetirirlər. Məhz ondan sonra qərar verirlər. Digər tərəfdən qış fasiləsi əlverişli “pəncərə” deyil. Əksər klublar mövsüm sonuna qədər oyunçu ilə müqavilə imzalayırlar. Bu dönəmdə boşda olan futbolçular keyfiyyətli olmur. Təbii ki, istisnalar hər zaman ola bilər”. 

Kərimov “Qarabağ”ın yeni transferi Ovusu Kvabene barədə də fikirlərini açıqlayıb: “Onun əvvəl oynadığı liqa pis deyil. “Kordoba”da çıxış edib. Əgər millimizə İspaniyanın dördüncü liqasından oyunçu dəvət ediriksə, üçüncü liqadan futbolçu gətirmək pis deyil. Bəzən elə olur ki, Belçika klubunun ehtiyatda olan oyunçusunu transfer edəndə belə yaxşı çıxa bilir. Ona görə də hələ Ovusu ilə bağlı söz demək düzgün olmazdı. Əvvəlki klublarında qollar vurub. Qol duyumunun olduğu hiss edilir. Hələ ki, yalnız statistikaya baxıb şərh verirəm. Sözsüz ki, oyununu görməmişəm. Amma ilk turlardan Ovusu barədə qərara gəlmək olar ki, yaxşı transferdir, yoxsa yox”.

O, Riçard Almeydanın Ağdam klubundan ayrılmasına münasibət bildirib. Kərimovun sözlərinə görə, Dani Kintananın da komandadan ayrılması gündəmdə olduğundan onların yerini doldurmaq asan olmayacaq: “Riçard Almeyda artıq gedib. Heç millimizə də gəlib, gəlməyəcəyi bilinmir. Dani Kintanın da getmək söhbətləri var. Əlbəttə ki, “Qarabağ” üçün bu iki oyunçunun yerini doldurmaq çətin olacaq. Onları tam olaraq əvəzləmək asan deyil. Bu oyun üslubuna da, starta da təsir edəcək. “Qarabağ” bütün diqqətini Riçard Almeydanı əvəzləyəcək futbolçu tapıb gətirməyə yönəltsə də, istəklərinə asan nail olacaqlarına inanmıram. Çünki Riçard komandaya gələndən iki-üç il sonra ən üst səviyyədə futbol oynamağa başladı. Kintanaya da əvəzləyici tapmaq çətin olacaq. Hər ikisi “Qarabağ” üçün dəyişilməz simalara hesab edilirdilər. Həmin üslubda olmasa da, ona oxşar oyunçular tapa biləcəklər. Əslində, tapmaq məcburiyyətindədirlər. Həmin transferlər onların oyununa təsir edəcəkmi? Bu, daxili çempionatda özünü o qədər də göstərməyəcək. Amma avrokuboklarda artıq təsirini göstərə bilər. O vaxta qədər də hələ var. Çünki yayda da kimisə heyətinə qata bilərlər”.

Veteran futbolçu “Neftçi”nin baş məşqçi Roberto Bordini göndərib, yerinə Füzuli Məmmədovu təyin etməsinin “Qarabağ”la çempionluq mübarizəsinə təsirindən də danışıb: “Məşqçi dəyişmək əlcək dəyişmək kimi bir işə dönüb. Hamı tənqid edəndə çalışdırıcını hədəf seçir. Hər məşqçi dəyişiləndə komandada nələrsə dəyişilir. Oyun üslubunu kənara qoyuram, maddi tərəfdən də komandaya zərbə dəyir. Bizdə marketinqi yaxşı bilən klub rəhbərlərimiz də çox deyil. Hər dəfə məşqçini dəyişirsənsə, mənfi təsirini göstərir. Bəzən müsbət tərəfini də göstərə bilər. 
Düşünmürəm ki, qışdan sonra “Neftçi” “Qarabağ”a çatsın. Bu onlar üçün çox çətin olacaq. Roberto Bordinin rəhbərliyi altında bir neçə legionerlərin istəksiz çıxış etdikləri açıq-aşkar görünürdü. Onun gedişindən sonra komanda Füzuli Məmmədovun rəhbərliyi altında oynayacaqlar. İlk turlarda artım görünəcək. Çünki istər-istəməz bir çox futbolçu özlərini yaxşı tərəfdən göstərməyə çalışacaq. “Neftçi”nin sonrakı turlarda yaxşı olmasının isə məşqçinin o futbolçulara necə təsir edəcəyindən çox şey asılı olacaq. Əminəm ki, Füzulinin taktiki savadı Bordindən aşağı deyil. Keçdiyi məşqlərin səviyyəsi də Bordinin keçdiyi məşqlərin səviyyəsindən aşağı olmayacaq. Buna 100 faiz əminəm. Çünki hər ikisinin keçdiyi məşqləri görmüşəm. Füzulini gözləyən ən çətin məsələ, onun komandanı ələ alması, idarə etməsidir. Sözsüz ki, bu mənada böyük çətinliklər yaşayacaq. Bunun öhdəsindən necə gələcəyi “Neftçi”nin oyununa böyük mənada təsir göstərəcək. Çünki fərqli psixologiyaya malik legionerlər, yanında da yerlilər... Onları tam olaraq eyni komanda kimi idarə etmək asan məsələ deyil. Mənə elə gəlir ki, “Neftçi” bundan sonra da “Qarabağ”la rəqabət aparması çətin olacaq. Bəlkə də xal fərqini azalda bilərlər. Amma “Qarabağ”ın çempion olmasına mane ola bilməyəcəklər”.

0
Aslan Kərimov Qarabağ Neftçi