UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Marsel” – “Qarabağ” oyunu öncəsi maraqlı statistik məqamlar paylaşıb.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bu komandaların son illər, xüsusən də, avrokuboklarda sərgilədiyi matçlara diqqət ayırıb.
“Qarabağ” ilk yarımildə avrokubok görüşünə çıxacaq ilk Azərbaycan klubu kimi tarixə düşəcəksə, “Marsel” birinci dəfə təmsilçilərimizlə üz-üzə gələcək.
- “Marsel” üçüncü yeri tutduğu UEFA Avropa Liqasının E qrupunda ilk qələbəsini son turda öz meydanında Moskva “Lokomotiv”i üzərində qazanıb. Konfransı Liqasının H qrupunda mübarizə aparan “Qarabağ” isə yeganə məğlubiyyətini məhz axırıncı turda səfərdə “Bazel”ə qarşılaşmada (0:3) alıb və ikinci yeri tutub.
- Bu, “Marsel”in Azərbaycan təmsilçisinə qarşı ilk oyunudur. “Qarabağ” isə Fransa komandaları ilə 6 dəfə üz-üzə gəlib və qələbə qazana bilməyib.
- “Qarabağ” Fransada keçirdiyi üç matçın birində heç-heçə edib, ikisində uduzub. Ağdam klubu sonuncu dəfə Avropa Liqasının 2015/16 mövsümünün qrup mərhələsində “Monako”ya 0:1 hesabı ilə yenilib.
- 2021-ci ilin fevralında baş məşqçi postuna təyin olunan Xorxe Sampaolinin rəhbərliyi altında “Marsel” ötən mövsümü 5-ci pillədə tamamlayıb və 5-ci dəfə Avropa Liqasının qrupuna vəsiqə qazanaraq, Fransa klubları arasında rekorda imza atıb.
- Liqa1 təmsilçisi 2017/18 mövsümündə Avropa Liqasında finala qədər irəliləyib. Komanda həmin mövsüm “Velodrom”da keçirdiyi 9 oyunun 8-də qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Ancaq növbəti mövsümdən bəri avrokuboklardakı 9 ev matçının yalnız 2-də qələbə, 2-də heç-heçə ilə kifayətlənib, 5 dəfə meydanı məğlub tərk edib.
- Ardıcıl 7 çempionluğun ardından keçən mövsüm qızıl medalları son turda “Neftçi”yə təhvil verən “Qarabağ” cari mövsüm Konfrans Liqasının təsnifat mərhələlərində məğlubiyyət üzü görməyib. Komanda uzun müddətdir ona rəhbərlik edən Qurban Qurbanovla ardıcıl 8-ci dəfə avrokubokların qrupuna yüksəlib.
- “Qarabağ” qrupda sona iki tur qalmış tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.
- Qurban Qurbanovun kollektivi VI turda “Bazel”ə uduzana qədər ardıcıl 5 səfər qarşılaşmasında uduzmayıb – 4 qələbə, 1 heç-heçə.
- “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Fransada anadan olub və birinci divizionda “Qrenobl” (2012), “İstrs” (2013, 2014/15), “Lans” (2016-18) formalarını geyinib.
- “Marsel”in yarımmüdafiəçisi Matteo Qenduzi 4 oktyabr 2018-ci il tarixində Avropa Liqasının qrup mərhələsində Bakıda “Arsenal”ın heyətində “Qarabağ”a qol vurub. Bu, onun peşəkar karyerasında ilk qoludur.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda keçiriləcək.