“Verona” baş məşqçi İqor Tudorun rəhbərliyi altında parlaq çıxışını davam etdirir.
Apasport.az saytının məlumatına görə, IV turdan komandanın sükanı arxasına keçən xorvatiyalı mütəxəssis geridə qalan 9 matçın yalnız 1-də məğlubiyyətə üzülüb.
Onun rəhbərliyi altında 4 qələbə, 4 heç-heçə ilə yadda qalan “Verona” məhsuldarlığı ilə diqqət çəkir. Belə ki, A seriyası təmsilçisi son 9 görüşdə 22 qol vurub ki, bu göstəriciyə görə “böyük beşlik” ölkələrinin klubları arasında ikincidir. Veronalılar məhsuldarlıq baxımından yalnız “Bavariya”dan geri qalır. Münhen təmsilçisi Bundesliqanın geridə qalan 9 görüşündə rəqib qapılarından 36 top keçirib. Yulian Naqelsmannın yetirmələri 8 qələbə, 1 məğlubiyyətlə yadda qalıb.
Müqayisə üçün əlavə edək ki, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” məhsuldarlıq baxımından “Top-5” liqalardakı klublardan yalnız “Bavariya” və “Verona”dan geri qalır. Çempionatın ilk 10 turunda 22 dəfə fərqlənən ağdamlılar birinci turda “Zirə” ilə bərabərliyi (1:1) saymasaq, son 9 matçda 21 qol vurub. Qurban Qurbanovun kollektivi bu oyunların 7-də qələbə qazanıb, 1-də heç-heçə edib və 1 dəfə də məğlub olub.
Qeyd edək ki, “Qarabağ” cari mövsüm iştirak etdiyi bütün turnirlərdə cəmi 1 dəfə məğlub olub. Bu, Premyer Liqanın VIII turunda “Səbail”lə görüşə (1:3) təsadüf edib.