“Qarabağ” avrokuboklardakı yubiley qolunun astanasındadır.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu indiyədək qitə miqyaslı turnirlərdə 149 dəfə rəqib qapısına yol tapıb.
Avropa səhnəsində 1996-cı il avqustun 8-də debüt edən təmsilçimiz 26 ildə 141 matça çıxıb. Komandanın orta məhsuldarlığı 1,06-ya bərabərdir.
“Qarabağ” ilk qolunu debütdən 14 gün sonra vurub. Finlandiyada “MüPA” ilə qarşılaşmada (1:1) Bəxtiyar Musayev ilk qolun müəllifi kimi tarixə düşüb.
Ağdamlıların 149 qolunda ən çox payı olan Reynaldodur. Braziliyalı 11 dəfə fərqlənib.
İki gündən sonra Konfrans Liqasının pley-offunda “Marsel”i qəbul edəcək “Qarabağ” qol vursa, bu top avrokuboklarda 150-ci olacaq. Səfərdə 1:3 hesabı ilə uduzan təmsilçimizin mərhələ keçməsi üçün isə 3 top fərqli qələbə və ya 2 top fərqli qələbənin ardınca penaltilər seriyasındakı uğur vacibdir.
Qeyd edək ki, “Qarabağ” Marselin eyniadlı təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.