Luka Quqeşaşvili transferində “Qarabağ”ın “Yagelloniya” ilə imzaladığı müqavilənin detalları məlum olub.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu Polşa klubundan icarəyə götürdüyü 22 yaşlı qapıçını mövsümün sonunda birdəfəlik transfer etmək hüququna malikdir.
Tərəflər arasında anlaşmaya əsasən, Azərbaycan təmsilçisi Gürcüstan millisinin qolkiperindən məmnun qalarsa, 300 min avro ödəniş etməklə, Quqeşaşvilinin transfer vərəqəsini “Yagelloniya”dan ala biləcək. Konfrans Liqasındakı təmsilçimiz gənc oyunçu ilə minimum 3 illik müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, Luka Quqeşaşvili 2016-cı ildə “Yagelloniya” ilə anlaşsa da, bu komandanın heyətində heç bir rəsmi matçda iştirak etməyib. O, son iki ili icarə əsasında “Dila”da keçirib.