“Qarabağ” hücumçusu İbrahima Vadji ilə yollarını ayıra bilər.
Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə 27 yaşlı forvardın yenidən bu ölkədə çıxış etmək variantı yaranıb.
Çünki seneqallı futbolçu “Kocaelispor”un transfer gündəmindədir. TFF I Liqa təmsilçisi qış fasiləsində bir neçə oyunçu almağı planlaşdırır ki, Vadji də onlardan biridir. Bildirilib ki, “Qarabağ”ın mövsümün əvvəlində “Heqesunn”dan 600 min avroya transfer etdiyi Vadji hazırda komandası ilə Antalyada təlim-məşq toplanışında olsa da, Azərbaycan klubunda xoşbəxt deyil.
Ağdam təmsilçisinin heyətində 4 hücumçunun olması onu narahat edir və Vadji komandasını dəyişmək niyyətindədir. “Qarabağ” isə futbolçunun icarəyə verilməsi variantını nəzərdən keçirir.
Qeyd edək ki, 2016/17 mövsümündə Türkiyədə “Qaziantep”in formasını geyinən İbrahima Vadjinin “Qarabağ”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm bütün turnirlərdə keçirdiyi 15 oyunda 5 qol vurub.