“Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi Cavad Mirzəbəyli I Divizionun XX turunda “Səbail-2” ilə keçirilən oyun haqda danışarkən deyib.
Çalışdırıcı komandasının 4:0 hesablı qələbəsini klubun rəsmi saytına açıqlamasında dəyərləndirib: “Ötən oyunlarla müqayisədə bu dəfə fürsətlərimizi qola çevirdik. Oyunçular matça ciddi yanaşırdı. Bacardığımız qədər gənclərə şans verib, güvənməyə davam edəcəyik. İbrahim Ağayarov üçün də xüsusi qarşılaşma oldu. Bu matçda debüt etdi və qol vurmağı bacardı. Onu komandaya bir müddət əvvəl akademiyamızdan dəvət etmişik. Potensialına və bacarığına bələdik. İbrahim özünü bu matça girən kimi rahat hiss etdi və qol vurmağa müvəffəq oldu. İstəyimiz budur ki, İbrahim kimi gənclərə şans verməkdə davam edək”.
Baş məşqçi növbəti mövsümdə də məqsədlərinin akademiyadan gənc oyunçuları əvəzedici heyətə dəvət etmək olacağını vurğulayıb.
Qeyd edək ki, “Qarabağ-2” hazırda 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.