“Qarabağ”ın kapitanları Konfrans Liqasının ən yaxşıları sırasında
27.11.2021 - 11:43
“Qarabağ”ın kapitanları Konfrans Liqasının ən yaxşıları sırasında

“Qarabağ”ın kapitanları Maksim Medvedev və Qara Qarayev Konfrans Liqasının qrup mərhələsinin V turunda ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb.

Apasport.az saytının məlumatına görə, hər iki futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunda “Omoniya” ilə keçirilən görüşdə 83 dəqiq ötürmə ilə yadda qalıb.

Bununla Maksimlə Qara V turda dəqiq ötürmə baxımından 2-3-cü yerləri bölüşdürür. Milli komandamızın oyunçuları yalnız “Randers”in üzvü Lasse Berq Yonsendən geri qalır. Norveçli yarımmüdafiəçi ÇFR-lə görüşdə 92 dəqiq ötürmə ilə komandasının 2:1 hesablı qələbəsində böyük pay sahibi olub.

Davinson Sançesdə (“Tottenhem”) 82, Bruno Martins İndidə (“Alkmaar”) isə 81 ünvana çatan pas olub.

Qeyd edək ki, “Omoniya” qollu heç-heçə (2:2) edən “Qarabağ” son tur öncəsi 11 xalla qrupda ikinci pillədə qərarlaşıb.