“Qəbələ”nin kapitanı Asif Məmmədovun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XVI turunda “Səbail”lə (2:0) oyunun sonlarında zədələnərək əvəzlənən 36 yaşlı yarımmüdafiəçi bu gün həkim müayinəsindən keçib.
Maqnit Rezonans Tomoqrafiyasının (MRT) cavabına əsasən, Məmmədovda əzələ dartılması aşkarlanıb. İlkin diaqnoza görə, futbolçu təxminən 5-7 gün məşqlərdən kənar qalmalıdır. Lakin son sözü klubun həkimi nəticəyə baxdıqdan sonra deyəcək.
Bu da o deməkdir ki, Asif XVII turda “Sumqayıt”la keçiriləcək səfər matçını böyük ehtimalla buraxacaq. Həmin qarşılaşma fevralın 27-də baş tutacaq.