"Daha 1-2 il oynamaq istəyirəm. Amma yaxın zamanlarda yaxşı təklif gəlməsə, karyeramı başa vurmaq zamanım gələcək".
Bunu apasport.az saytına "Qəbələ"nin sabiq futbolçusu Rikardinyo deyib.
Son dəfə Hollandiyada "Tvente" klubunun forması geyinmiş 35 yaşlı müdafiəçi "Qəbələ"nin çıxışını izlədiyini və yaxın zamanlarda komandanın uğurlu çıxış edəcəyinə inandığını bildirib: "O vaxt mən də yeni gəldikdə, "Qəbələ" bir neçə oyun qalib gələ bilmədi. Halbuki heyətdə çox yaxşı futbolçular var idi, komanda gözəl oynayırdı, sadəcə məğlub olurduq. Amma ardınca qələbələri sıralamağa başladıq. Ümidvaram ki, "Qəbələ"də bu hal yenə baş verəcək və komanda yüksək yerlərə qalxacaq".
Braziliyalı futbolçu bölgə klubundakı oyunlarını hələ də xatırladığını söyləyərək, "Qarabağ"la ölkə kubokunun final matçını unutmadığını deyib: "Komandanın heyətində keçirdiyim ilk oyunlardan biri "Qarabağ"a qarşı idi və biz qalib gəlmişdik. Avrokubok oyunları, qrup matçları, ölkə kubokunun görüşlərini yaxşı xatırlayıram. Türkiyədəki yoxlama matçlarını belə unutmamışam (gülür). Qəbələdə görüşdə oyunlarımızda tam qar olurdu. Çox maraqlı mənzərə idi".
Təcrübəli müdafiəçi yenidən "Qəbələ"də oynamağa hazır olduğunu da söyləyib: "Təklif göndərsələr, gəlib oynaya bilərəm. Amma orada az oyunçu tanıyıram. Lakin klubu yaxşı tanıyıram. Yaxın vaxtlarda onlar da qələbə qazanmağa başlayacaqlar".
2015-2017-ci illərdə "Qəbələ"də çıxış etmiş Rikardinyo həmin mövsümlərdə "Qarabağ"la çempionluq mübarizəsindən məğlub olmalarının səbəbindən də danışıb: "Qarabağ" hər zaman yaxşı iş görürdü. Premyer Liqada çempion olmaq üçün bütün oyunları yaxşı səviyyədə keçirmək lazımdır. "Qəbələ"nin qalib gəlmək üçün az şansı var idi. "Qarabağ"ı həm evdə, həm də səfərdə udmaq lazım idi. Onlar hər zaman yüksək səviyyədə qalmağı bacarır. Hər zaman sadəcə bir neçə oyunçu dəyişirlər. Futbolçulara daha çox yatırım edirlər".