
“Çox intensiv bir oyun gördük. Atmosfer əla idi”.
APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.
Xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Uelslə səfər oyunundan sonra mətbuat konfransına qatılıb. O, yığmamızın Kardiffdəki 1:2 hesablı məğlubiyyəti haqda fikirlərini açıqlayıb: “Uels çox güclü oynadı. Matça hər iki komanda yaxşı hazırlaşmışdı. Dəst-xətt öz yerində idi. Futbolçularımın oyunundan, vuruşmalarından çox qürur duyuram. Sonda bəxtimiz gətirmədi. Çünki ikinci qolu buraxanadək rəqibin həqiqi real şansı yox idi. Hesab edirəm ki, xal qazanıb getməyə layiq idik. Amma alınmadığı üçün üzgünəm. Həqiqətən də qəribə qollar buraxdıq. Uşaqların mübarizə əzmindən də razıyam. Amma yekunda bəxtsizlikdən buraxılan 2 qolla məğlub olduq”.
N.Yurçevin E qrupunun digər oyununda Xorvatiyanın səfərdə Slovakiyanı 4:0 hesabı ilə məğlub etməsinə də münasibət bildirib. O, sentyabrın 9-da yığmamızın qonağı olacaq həmyerliləri ilə matça hazırlığı vacib sayır: “Xorvatiyanın səfərdə Slovakiyanı 4:0 hesabı ilə məğlub etməsini gözləmirdim. Geyinib-soyunma otağında da uşaqlarla danışdım. Hamı məyusdur. Amma yenidən biz başımızı qaldırmalıyıq. 2-3 gündən sonra Xorvatiya ilə oyunumuzdur. Buna mümkün qədər tez hazırlaşmalıyıq”.