“Ramil Şeydayev yaxşı futbolçudur. Onun potensialı Azərbaycan futbol səviyyəsindən yüksəkdir”.
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.
O, yığmamızın hücumçusu Ramil Şeydayevin Azərbaycana gəlməsinin tərəfdarı deyil. Yunisoğlu bu gün “Sabah”la müqavilə imzalayacaq futbolçunun Avropada qalmasını daha məqsədəuyğun hesab edir: “Yaxşı olardı ki, Ramil özünə Avropada, ya elə Rusiyada klub tapardı. Onun kimi istedadlı oyunçu azdır və onları Azərbaycandan xaricə çıxarmaq lazımdır. Bu həmin futbolçuların potensialını da üzə çıxarır. Amma yəqin ki, belə məsləhət oldu və Ramil Azərbaycana qayıtdı. Onun yayda yenidən xaricə yollanacağına ümid edirəm. “Sabah” isə perspektivli klubdur və inanıram ki, Ramil onlar üçün ən uğurlu, faydalı transferlərdən biri olacaq”.
Onun fikrincə, Şeydayev Premyer Liqamızda oynamaq qərarı verməklə karyerasında geriyə addım atıb: “Rusiya Premyer Liqasından Azərbaycan çempionatına gəlməyi əlbəttə ki, geriyə addım kimi qiymətləndirmək olar. Şeydayev xaricdə oynamalıdır”.