“Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin “Çelsi” ilə səfər oyunu ərəfəsində xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun baş məşqçisi Karlo Ançelotti açıqlayıb.
İtaliyalı mütəxəssis vurduğu üç qolla 3:1 hesablı qələbədə əsas pay sahibi olan Kərim Benzemanın matçdan əvvəl problem yaşadığını bildirib: “Oyundan əvvəl Benzema stadiona daxil olmaq üçün buraxılış vəsiqəsini tapa bilmirdi. Ona dedim ki, cəld ol, yoxsa oynaya bilməyəcəksən! Xoşbəxtlikdən Kərim buraxılışı tapdı”.
Ançelotti Kərimin oyununu da dəyərləndirib: “Benzemanı necə xarakterizə edim? Sözüm yoxdur. Mən Böyük Kərim deyərdim”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 12-də keçiriləcək.