"Oyundan əvvəl həm bizdə, həm də “Zirə”də çətin durum var idi".
Apasport.az saytının məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XIX turunda "Zirə"ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, mətbuat konfransında bildirib ki, qış fasiləsindən sonra sərgilənən oyun daha yaxşı nəticələrə inam verib: "Komandanın göstərdiyi futbol bizi qane edirdi və inanırdıq ki, bu vəziyyətdən çıxacağıq. Sevinirik ki, bu gün futbolçulardan istədiyimizi ala bildik".
- İkinci hissədə komandanın daha yaxşı olması üçün hansı tapşırıqları verdiniz?
- Oyunu hissələrə bölə bilməzdim. Komandanın ilk yarıda göstərdiyi futboldan məmnun qaldım. Tapşırıqları fasiləyə qədər yaxşı icra etdilər. İkinci hissədə risk etməliydik. Komandanın üzərinə artıq yük düşürdü. Sevinirəm ki, futbolçular bu yükün altından yaxşı çıxdılar.
- Abdelrafik Jerarın oynamaması nə ilə bağlı idi?
- Məşqdə zədələnib. Buna görə meydana çıxmadı.
- Bu qələbə daha yaxşı nəticələr üçün başlanğıc ola bilərmi?
- Komandanın potensialı var, oynamağı bacarır. Qışa kimi də göstərmişdik ki, necə təhlükəli, baxımlı futbol oynaya bilirik. Fasilədə aparıcı futbolçularımızın bir neçəsi getdi. Yeni gələnlər elə dövrdə qoşuldular ki, onların adaptasiya olmasına vaxt lazım idi. Getdikcə daha yaxşı olacağımıza inanıram.
- Rasim Ramaldanovun hazırkı vəziyyəti necədir?
- Rasim artıq məşqlərə başlayıb. Ona bir az vaxt lazımdır. 6-7 ay futboldan kənarda qalıb.