"Rəqibləri təhlil etməyə vaxtımız olacaq" - Kipr yığmasının baş məşqçisi
03.03.2020 - 22:50
"Rəqibləri təhlil etməyə vaxtımız olacaq" - Kipr yığmasının baş məşqçisi

"Millətlər Liqasının püşkatmasının nəticəsi çox maraqlı oldu".

Apasport.az saytının məlumatına görə, bunu Kipr yığmasının baş məşqçisi Yohan Valem yerli futbol federasiyasının rəsmi saytına açıqlamasında deyib.

Belçikalı mütəxəssis UEFA Millətlər Liqasının püşkatma mərasiminin nəticəsinə görə Azərbaycan, Lüksemburq və Monteneqro ilə C liqasının 1-ci qrupunda qərarlaşan komandasının şanslarını dəyərləndirib.

48 yaşlı çalışdırıcı sentyabrda startı veriləcək turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtlarının olduğunu vurğulayıb: "Bizimlə eyni qrupa düşən Lüksemburqla bir neçə gündən sonra yoldaşlıq görüşündə üz-üzə gələcəyik. Onları həmin matçda görmək imkanımız olacaq. Püşkatma barədə müsbət düşünməliyik. Rəqiblərimizi izləməyə, təhlil aparmağa kifayət qədər vaxtımız olacaq. Bizim üçün iş indi başlayır. Sentyabr ayına qədər keçirəcəyimiz 4 yoldaşlıq görüşündən maksimum yararlanmaq, heyətlə bağlı seçimi düzgün aparmaq istəyirik".