Bu gün Azərbaycan Premyer Liqasında XVI tura start veriləcək.
Apasport.az saytının məlumatına görə, azarkeşlər iki gün ərzində 4 matça şahidlik edəcəklər.
Sopiçin problemləri, Baxşıyevin "dişsiz" hücumu
Açılış oyununda "Qəbələ" paytaxtda "Sabah"ın qonağı olacaq. Bunu autsayderlər zonasında qərarlaşan iki komandanın dueli kimi də dəyərləndirmək mümkündür. 2020-ci ilə məğlubiyyətlə start götürən klublar, nəhayət, tilsimi qırmaq niyyətindədirlər. "Sabah" üçün bu qarşılaşmanın önəmi xüsusidir. Çünki ölkə kubokundan da əli üzülən paytaxt təmsilçisi, onsuz da, xeyli uzaq düşdüyü 4-cü pillənin əlçatmaz olmaması üçün mütləq qələbə qazanmalıdır. Qış fasiləsində edilən transferlərdən sonra baş məşqçi Jelko Sopiç hələ də ideal "11-liy"ini formalaşdıra bilməyib. 46 yaşlı mütəxəssis yerlilərə daha çox üstünlük versə də, bunun bir xeyrini görə bilmir. Ötən turda gözlənilmədən Cavid İmamverdiyev, Coşqun Diniyev kimi futbolçuları ehtiyata atan Sopiçin "Zirə"yə qarşı meydana buraxdığı "11-lik"də dəyişikliklər etməsi qaçılmazdır. Adıçəkilən oyunçularla yanaşı, yeni transferlər Yevgeni Koçuk və Xulio Sezar Rodrigesin də "Qəbələ" önündə ilk dəqiqələrdən meydanda olması istisna deyil.
"Qəbələ"yə gəlincə, həmkarından fərqli olaraq, Elmar Baxşıyev ən yaxşı halda 1-2 dəyişikliyə əl ata bilər. Çünki onun ixtiyarında Sopiç kimi alternativli heyət yoxdur. Üstəlik, Davit Volkovun gedişindən sonra "qırmızı-qaralar"ın hücumdakı "dişsizliyi" "Keşlə" ilə matçdaca özünü büruzə verdi. Heyət zənginliyi, oyunçuların fərdi keyfiyyətləri və meydan amilini nəzərə alsaq, "Sabah" favoritdir. Ancaq bakılılarda baş məşqçinin sisteminə futbolçuların hələ uyğunlaşmaması və çalışdırıcının da istədiyi heyəti formalaşdıra bilməməsi qonaqlara ümid verir.
"Keşlə"nin üstünlükləri, "Səbail"in ümid yeri
Paytaxt derbisində "Səbail"lə qarşılaşacaq "Keşlə", nəhayət ki, bu mövsüm ilk dəfə doğma stadionuna - "ASK Arena"ya ayaq basacaq. Mövsümün sürpriz komandası olan Tərlan Əhmədovun kollektivi Qəbələ səfərindən 3 xalla və turnir cədvəlində 2-ci pilləyə yüksəlməklə başladı. Bunun verdiyi motivasiyaya "ASK Arena"ya dönüşü də əlavə etsək, sabiq "bankilər" "Səbail" önünə yüksək əhval-ruhiyyədə çıxacaqlar. Üstəlik, "Keşlə"nin artıq hücum xətti ilə bağlı narahatlığı da qalmayıb. Komandanın lideri Sezar Meza Kollinin qış fasiləsindən sonra formadan düşməməsi isə bakılılar üçün ən önəmli üstünlüklərdən biridir.
Qışda xeyli zəifləyən "Səbail" üçün təqvim heç də uğurlu getmir. İkinci yarıya lider "Qarabağ"la qarşılaşma ilə başlayan Aftandil Hacıyevin yetirmələri indi də ikinci pillədəki komandaya rəqib olacaq. "Qarabağ"a qarşı sərgilənən oyunla "Səbail" hər kəsi yaxşı mənada təəccübləndi. Baxmayaraq ki, qış fasiləsində əsas heyətin bir neçə üzvü yola salınmışdı. Rauf Əliyev, Peyman Keşavarz kimi oyunçular heyətə cəlb olunsa da, komandanın ən böyük qazancı Maykl Essyen görünür. Ölkəmizə gəldiyi gündən özünü turist kimi aparan qanalı ulduz futbolçu deyəsən təlim-məşq toplanışında yaxşı çalışıb. "Qarabağ"a qarşı 72 dəqiqəlik yüksək performansı komanda yoldaşlarına da sirayət etmişdi. Onun meydanda olması, bir növ məşqçi kimi yoldaşlarını yönləndirməsi matçın gedişində "Səbail"ə çox kömək edir. Yəqin ki, baş məşqçi böyük ümidlərlə gətirilən Hendrik Ekşteyni də ilk dəqiqələrdən meydana buraxacaq. Essyen-Ekşteyn cütlüyü bu gün orta sahədə "Keşlə"yə çox başağrısı ola bilər.
"Zirə"nin hücumu, yoxsa "Sumqayıt"ın yarımmüdafiəsi?
Turun ən çox maraq doğuran qarşılaşmaları sabaha təsadüf edəcək. Əvvəlcə turnir cədvəlində qonşu olan "Sumqayıt"la "Zirə" birincilərin meydanında qarşılaşacaqlar. Ötən turda "Sabah"ı məğlub edən "Zirə" turnir cədvəlində məhz "Sumqayıt"ı geridə qoymağı bacardı. Ancaq "gənclik şəhəri" təmsilçisi "Neftçi" kimi rəqiblə də səfərdə bərabərə qalmağa müvəffəq oldu. Bir sözlə, yeni ilin ilk turunda ən baxımlı oyun sərgiləyən iki komanda üz-üzə gələcək. "Zirə"də bütün ümidlər Ağabala Ramazanov - Riçard Qadze - Davit Volkov "trio"sunadır. Ancaq sabah bakılılarda daha çox yarımmüdafiə xəttinə iş düşəcək. Çünki "Sumqayıt" zirəlilərin hazırkı oyun üslubuna tərs komandadır. Ayxan Abbasov hər zaman müdafiədə çox adam saxlayır ki, bu amil rəqibin sürətli hücumçularının ani əks-hücum imkanlarını məhdudlaşdırır. Üstəlik, sumqayıtlıların bir-birini gözüyumulu başa düşən yarımmüdafiəçiləri var. Fikrimcə, Zaur Həşimov ilk növbədə Aleksey İsayev - Rəhim Sadıxov - Əmir Ağayev "üçlüy"ünü necə dayandırmağın yollarını axtarmalıdır. "Zirə"nin hücumçuları geri çəkilib, yarımmüdafiəyə kömək etməsələr, komandanın arxa xətdə işi çox çətin olacaq. Sumqayıtlılar isə qol şanslarını sağa-sola xərcləmək problemini həll etməlidirlər.
Qızıl medal xəyallarının puç olma və ya canlanma anı
Nəhayət, nəinki turun, ümumilikdə mövsümün oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. Əzəli rəqiblər "Qarabağ"la "Neftçi"nin budəfəki dueli çempionluq yarışına son nöqtəni qoya bilər. Qış fasiləsində baş məşqçi dəyişikliyinə gedən, Roberto Bordini təcrübəsiz Füzuli Məmmədovla əvəzləyən "Neftçi" ikinci yarıya xal itirməklə başladı. Rəqib hücumçularının səriştəsizliyi sayəsində "Sumqayıt"la görüşdə 1 xal qazanmağı bacaran bakılılar artıq liderdən 8 xal geri qalırlar və üstəlik, ikinci pilləni də "Keşlə"yə təhvil veriblər. Bu azmış kimi, "Neftçi"nin heyətlə bağlı ciddi problemləri də var. "Sumqayıt"la matçda qırmızı vərəqə alan Vojislav Stankoviç meydanda olmayacaq. Hazırda isə Məmmədovun ixtiyarında cəmi 2 mərkəz müdafiəçisi var. Həmçinin Baqali Dabo, Stiven Jozef-Monroz və Dario Frederikonun formadan uzaq olması "Neftçi" üçün əlavə problemdir. Nisbətən zəngin heyətə malik "Qarabağ" isə Riçard Almeydasız oynamağa öyrəşməyə çalışır. Onu əvəz etməli olan Filip Ozobiç uzunmüddətli zədədən yeni qayıdıb, hələ formada deyil. "Qarabağ"da Rahil Məmmədovun yoxluğu isə o qədər də ciddi problem deyil. Komandaların hazırkı durumunu nəzərə alsaq, "Qarabağ" hərtərəfli üstün görünür. Ancaq bakılılar hələ də çempionluğa inanırlarsa, qələbədən başqa yolları yoxdur. Məğlubiyyət təqdirində isə Füzuli Məmmədovun kollektivi qızıl medal xəyallarını tamam unuda bilərlər.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı