“Sabah”ın futbolçusu: “Onun oyun üslubu tam bizə uyğundur”
27.11.2021 - 17:05
“Sabah”ın futbolçusu: “Onun oyun üslubu tam bizə uyğundur”

“Oyuna istədiyimiz şəkildə başladıq. Birinci hissəni yaxşı keçirdik. İkinci hissədəki oyunumuz bizi bir qədər çətinə saldı. Ancaq əsas odur ki, qələbə qazana bildik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın futbolçusu Amin Seydiyev Azərbaycan Premyer Liqasının XII turunda “Keşlə” ilə keçirilən oyun barədə danışarkən deyib.

Komandasının 2:1 hesablı qələbəsinə bir qolla töhfə verən 23 yaşlı müdafiəçi qələbə qazandıqları üçün sevincli olduqlarını söyləyib. O, Murad Musayevin baş məşqçi postuna təyinatından sonra uğurlu çıxış etmələrinin səbəbini də açıqlayıb: “Qol vurduğum üçün təbii ki, sevinirəm. Ancaq əsas qol vurmağım yox, qələbə qazanmağımızdır. Murad Muysayevin oyun üslubu tam bizə uyğundur. Bu da uğurlu çıxışa kömək edir. Nəticələrimiz də göz önündədir”.

Qeyd edək ki, “Sabah” hazırda 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.