"Sabah"ın rusiyalı baş məşqçisi: “Kişisənsə, özünə inamın varsa...”
12.03.2022 - 21:38
"Sabah"ın rusiyalı baş məşqçisi: “Kişisənsə, özünə inamın varsa...”

"Qarabağ” layiqli qələbə qazandı”.

Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.

Rusiyalı çalışdırıcı “Qarabağ”la Premyer Liqanın XIX turunun görüşündən sonra fikirlərini mətbuat konfransında açıqlayıb: “Onların güclü tərəflərinə qarşı istədiyimiz arqument qoya bilmədik. İlk hissənin yarısı bərabər oyun getdi. Yaxşı fürsətlərimiz oldu. Amma qol buraxdıq. Sonra kəskin hücumlar qura bilmədik”.

- Demək olar ki, futbolçularınız rəqibin adından çəkindilər?
- Demək olar. Bu gün daha yaxşı oynamaq olardı. 0:5 hesabı ilə də uduzmaq olardı. Amma bir az çəkindilər.

- Qol epizodu yarada bilməməyinizin səbəbi nə idi?
- Rəqibin gücünü qeyd etmək lazımdır. Bəzi epizodlarda düzgün oynamamaqla rəqibə hörmət etdik. İndi optimal heyətimiz yox idi. 

- Rusiya və Ukrayna arasında məsələlərə görə azad agent statusu alan oyunçulardan kimisi heyətə qatmaq mümkündür?
- Rusiyadan çətin olsun. Çünki orada yüksək məbləğli müqavilələrdir. Bir neçə futbolçu ilə əlaqə saxlamışıq. Amma hazırda maliyyə üzündən bu mümkün deyil. Amma dayanmayacağıq. Bu istiqamətdə işləri davam edəcəyik.

- Bəs Ukraynadan azad agentləri gətirmək mümkündür?
- Bəli, mümkündür. Bu yöndə də işləyirik.

- Komandanın bombardiri Coy-Lens Mikels qış fasiləsindən sonra əvvəlki kimi oynamır. Bununla razısız?
- Qışdan əvvəlki futbolu göstərmirik. Bunun nəticəsində Mikels də həmin oyunu göstərmir. Rəqiblər də onu daha yaxşı öyrənib. Amma əminəm ki, oyunumuzu yaxşılaşdırandan sonra onu daha yaxşı görəcəksiz.

- Turnir cədvəlinə baxsaq, komandanı necə motivasiya edəcəksiz?
- Onları oyuna motivasiya etmək lazım deyil. Əgər sən idmançısansa, kişisənsə, özünə inamın varsa, məşqdə də, elə nərddə, kartda, hər şeydə oyunları udmağa çalışacaqsan. Motivasiyan yoxdursa, futbolu at get başqa sahəyə. İstənilən futbolçu yığmada, Avropada oynamaq istəyir. Kimdəsə motivasiya yoxdursa, niyə bura gəlib. Hərənin öz motivasiaysı daxilində olmalıdır.

Qeyd edək ki, “Sabah” öz meydanında 0:1 hesabı ilə uduzub.