"Məni “Sumqayıt”dan Samir Abasov yox, prezident çıxarmışdı. O da kiminsə tapşırığı ilə bunu etmişdi".
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov vaxtilə “Sumqayıt”dan uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.
Həmin dönəmdə “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi olmuş Samir Abasovun əməkdaşımızla söhbətində “Vaqifin oyunu artıq ürəyimcə deyildi, eyni zamanda bəzi məsələlər var idi ki, üstünü açmaq istəmirəm. Onunla bağlı müəyyən məqamları bəyənmədim, mövsüm bitməmiş də komandadan göndərdim”, - kimi fikirlərinə münasibət bildirən futbolçu sabiq məşqçini tənqid edib: “Samir deyir ki, Vaqif Cavadov heç kimə lazım deyil. Vaqif kiməsə lazımdır, ya lazım deyil, bu sənə qalmayıb. Vaqifin sənə lazım olub-olmadığını baş məşqçi olanda deyərsən. Mən səni pisləməmişəmsə, sənin məni pisləməyin anlaşılmazdır. Heç mən deyirəm ki, heç haradasan, harada işləyirsən? Yozmağa başlayır. Samir nəyə görə coşub? Mən faktla danışmışam, arxivi açsın, nə dediyinə baxsın. Bəlkə "Real"dan, "Mançester Yunayted"dən gəlib?”
Cavadov hesab edir ki, 42 yaşlı mütəxəssis yerli futbolçuların sayəsində ad qazanıb: “Samir yaşca məndən böyükdür, böyük qardaşdır, amma onun danışdığı fakt deyil. Mənim isə sübutlarım var. Harada istəsə, özünə göstərərəm. Guya nələrsə var, mətbuata açıqlamaq istəmir. Nədir? Mən hər şeyi açıq şəkildə deyirəm, o da açıqlasın ki, ictimaiyyət bilsin. Mən alnıaçıq adamam".
31 yaşlı yarımmüdafiəçi əlavə edib ki, Samir Abasov istefa vermək istədiyi vaxtlarda ona dəstək olub: “Samir bildirir ki, mən ona “çox sağ ol” demişəm. Baş məşqçi futbolçularını qorumalıdır da. Niyə açıqlamır ki, getmək istəyəndə Vurğun Hüseynov və Rail Məlikovla birlikdə maşınının qarşısını kəsib “gedirsənsə, mən də gedirəm” dedim? Bu, toplanışdan əvvəl olan söhbət idi. Samir deyirdi ki, Kamran Quliyev futbolçu gətirmir, mən gedirəm. Ona söylədim ki, gətirməsələr, bu heyətlə də oynayarıq. Sonradan kiminsə tapşırığı ilə mənimlə münasibətini korladı. Mən Samirin öz sözlərini demişəm, onu nə pisləmişəm, nə də tərifləmişəm. İşi ilə Samir Abasov olduğunu deyir. Sual verirəm ki, harada çalışıb "Mançester Yunayted"də? Azərbaycanlılarla işləyib də. Birdən-birə Samir Abasov olmayıb ki, onu yerlilər tanıdıb, azərbaycanlı futbolçular sayəsində Samir Abasov olub. Mənim sözlərimdə pis nə var ki? Amma onun nəsə sözü varsa, cavabım tam başqa cür olacaq. Mənə indidən danışırsa, mən ona keçmişindən bəhs edərəm. Həyatım boyu heç kimə böhtan atmamışam. Guya demək istəmədiyi sözlər var. Nəsə sübutu varsa, açıqlasın. Əgər davam etsə, onunla mətbuat vasitəsilə danışmayacağam, faktları qarşısına qoyacağam. Bu, Samirə mətbuat vasitəsilə son cavabımdır".
Qeyd edək ki, 2016-cı ilin əvvəlində “Sumqayıt”a keçən Vaqif Cavadov “gənclik şəhəri” təmsilçisində bir il çıxış edib.