“Bütün şəhər bağlanıb, restoranlar fəaliyyət göstərmir”.
Apasport.az saytının məlumatına görə, bunu “Milan”ın qapıçısı Asmir Beqoviç koronavirus epidemiyasının ən çox yayıldığı ölkələrdən olan İtaliyadakı vəziyyəti izah edərkən söyləyib.
Cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”ın heyətində keçirən Bosniya və Herseqovina millisinin üzvü ölkədə durumun acınacaqlı olduğunu deyib: “Küçələr tamam boşdur. Yalnız supermarketlər açıqdır. Bir az yemək ala bilərsiniz və sonra birbaşa evinizə qayıtmalısınız. Bu, dəlilikdir. Düşünürsən ki, bu bir filmdir. İnsanlar film səhnəsi kimi olduğunu deyirlər. Əvvəllər belə şey görməmişdim. Bu durum İtaliyaya çox ağır gəlir. Hərdən digər komandanın oyunçularını görmək olur. Məşq keçməməyimiz qəribədir. Bu müddətdə filmlər izləməyə çalışıram”.
Qeyd edək ki, müqavilə ilə “Bornmut”a məxsus olan Asmir Beqoviçin “Milan”la icarə müddəti mövsümün sonuna qədərdir.