Futzal üzrə DÇ-2020-nin elit-raund mərhələsinin oyunlarına hazırlaşan Azərbaycan millisinin oyunçusu Eduardo Borges federasiyasının rəsmi saytına müsahibə verib.
Apasport.az saytının məlumatına görə, milliləşən legioner yarışa hazırlıq və hədəflər barədə danışıb.
- Komandada əhval-ruhiyyə necədir? Yol yorğunluğu hiss olunurmu?
- Əhvalımız yaxşıdır. Bakıdakı məşqlərimizi yekunlaşdırdıq, hazırlığın son hissəsini Osiyekdə reallaşdırırıq. Düzdür, oyunların keçiriləcəyi şəhərə yanvarın 25-də gəldiyimizdən yol yorğunluğu ola bilər. Ancaq bu da müvəqqətidir. Çünki hamımız qələbə qazanmaq, dünya çempionatının final mərhələsində iştirak etmək istəyirik.
- Oyunun keçiriləcəyi zalda məşq keçdiniz. Örtük necə idi?
- İdman kompleksi yaxşı vəziyyətdədir. Örtüklə bağlı da hər hansı şikayət etməyə əsas yoxdur, çünki parket əladır. Demək olar, bu idman qurğusu oyunlar üçün tam hazırdır.
- Amma Bakıda Özbəkistanla keçirilən oyunlar bir qədər narahatlığa səbəb oldu. Fərqli iki oyunun nümayiş etdirilməsi nə ilə bağlı idi? Baş məşqçi Joze Alesio nə dedi?
- Baş məşqçi təbii ki, iradlarını bildirdi. Birinci oyundan əvvəl vəziyyət bir qədər qarışıq idi. Tyaqo və mən oyundan əvvəl Bakıya çatmışdıq. Həm də bu cür oyunlar test xarakteri daşıyırdı. Əlbəttə, hər nə qədər yoxlama oyunu olsa da, müsbət nəticəyə ehtiyac var. Çünki qələbə istər-istəməz hər kəsin əhvalını yüksəldir. Ancaq ikinci oyunda səhvlərimizi düzəltdik. Müdafiədə yaxşı oynadıq. Hərçənd şanslarımızdan tam istifadə edə bilməsək də, qələbə qazanmağı bacardıq. Həqiqətən də vacib oyunlar oldu.
- Elit-raundda ilk sınaq meydan sahiblərinə qarşı olacaq. Halbuki Xorvatiyaya qarşı elə bu zalda 5 il əvvəl mübarizə aparmısınız və komandamız lazım olan nəticə qazanıb. Bu dəfə də istədiyimizi əldə edə biləcəyikmi?
- Xorvatiya millisi çox güclü komandadır. Dünya reytinq cədvəlində də ilk “10-luq”dadırlar. Bu elə-belə göstərici deyil. Onlar da iddialıdırlar. Çox çətin olacaq. Ümumiyyətlə, rəqiblərimizin heç biri zəif komanda deyil. Hər birinə qarşı ciddi mübarizə aparmalıyıq. Slovakiya ilə Bakıda qarşılaşmışdıq. Qələbə qazansaq da, buna çətinliklə nail olduq. Rusiya isə reytinq cədvəlində ilk “3-lük”dədir. Dəfələrlə Avropa və dünya çempionatlarının final mərhələsində iştirak ediblər. Yəni bir oyun yox, bütün rəqiblərimiz haqda düşünməliyik. Sadəcə, ilk görüşümüz xorvatlarla olduğuna görə, indi bütün diqqətimizi bu matça yönəltmişik.
- Şansları necə dəyərləndirirsiniz?
- Bu, futzaldır. Hər bir saniyə imkan verir ki, oyunun nəticəsini dəyişəsən. Hər oyunda qalib də gələ bilərsən, məğlubiyyətlə də barışmalı olarsan. Hətta görüşlərin hamısını heç-heçə ilə də başa vurmaq olar.