Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, bunu “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti açıqlayıb.
“Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevlə müqavilə imzalanıb. Onunla anlaşma 2,5 illikdir. 27 yaşlı oyunçu yeni komandasında “24” nömrəli formada çıxış edəcək.
2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt” FK-nın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. Abdullayev son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah” klublarında da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət yığma komandamızla 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Elşən Abdullayev U-17, U-19 və U-21 millilərimizin də uğurları üçün çalışıb.
Qeyd edək ki, sumqayıtlılar bunadək Vüqar Bəybalayevlə anlaşıb.