Mövsümün uğursuz komandalarından olan “Sumqayıt”da vəziyyət heç də ürəkaçan deyil.
Apasport.az saytının məlumatına görə, klub daxilində yaşanan gərginliklər komandanın nəticələrinə birbaşa təsir göstərir.
Məsələ burasındadır ki, “gənclik şəhəri” təmsilçisinin məğlub olduğu matçlardan sonra paltardəyişmə otağında gərgin anlar yaşanır. Klub prezidenti Riad Rəfiyev bəzi futbolçuların oyunlarda iştirakına qarşıdır. Üstəlik, yüksəködənişli oyunçulara da özlərinə klub tapmaq tapşırığı verilib.
Vəziyyət o həddə çatıb ki, baş məşqçi Aleksey Baqa da “Sumqayıt”a gəlməyinə peşman olub. Belaruslu mütəxəssis “heyətdə 8 milli üzvü var, daha bir neçəsi alınacaq”, kimi pafoslu vədlərə inanaraq “kimyaçılar”la anlaşsa da, reallığın heç də bundan ibarət olmadığının şahidi olub. Baqa yığma komandalardan birinə baş məşqçi təyin olunmasa, klubda çox qalmaq niyyətində deyil.
Qeyd edək ki, Premyer Liqada son dövrə öncəsi “Sumqayıt” 14 xalla 7-ci pillədə qərarlaşıb.