“Sumqayıt” dünyada 22-ci, “Qarabağ” 911-cidir
25.02.2020 - 10:44
“Sumqayıt” dünyada 22-ci, “Qarabağ” 911-cidir

Dünyanın ən intizamlı və intizamsız klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, araşdırmalara 92 ölkənin yüksək liqasında çıxış edən 1279 klubun göstəriciləri nəzərə alınıb.

Yaz-payız sistemi ilə keçirilən liqalarda 2019, payız-yaz sistemi ilə təşkil olunan yarışlarda 2019/20 mövsümünün fevralın 17-nə qədər keçirilən oyunlarındakı vərəqələr hesablanıb. Azərbaycan Premyer Liqasında çıxış edən 8 komanda da siyahıda yer alıb.

Düzdür, Azərbaycan təmsilçiləri cədvəldə qeyri-adi şəkildə daxil edilib. “Keşlə” əvvəlki adı “İnter”, ölkəmizin ən intizamsız klubu “Sumqayıt” şəhərin digər, artıq tarixin yaddaşına köçmüş təmsilçisi “Gənclərbirliyi” kimi göstərilib.

Bu komanda dünyanın 22-ci, Avropanın 7-ci ən intizamsız komandasıdır – hər oyuna 3,65 (0,18 qırmızı + 3,47 sarı) vərəqə. Daha iki təmsilçimiz “100-lük”də yer alıb. Siyahıda “Qəbələ” 57-ci (3,47 vərəqə, 0,24 qırmızı, 3,23 sarı), “Zirə” 96-cıdır (3,29 vərəqə, 0,18 qırmızı, 3,11 sarı).

“Neftçi” və “Keşlə” eyni göstərici (2,82 vərəqə - 0,18 qırmızı, 2,64 sarı) ilə 288-289-cu yerlərdə qərarlaşıb. “Sabah” (2,76 vərəqə, 0,18 qırmızı, 2,58 sarı) 323-cü, “Səbail” (2,35 vərəqə, 0,12 qırmızı, 2,23 sarı) 622-ci yerdədir. Azərbaycanın ən intizamlı klubu olan “Qarabağ” (2,00 vərəqə, 0,06 qırmızı, 1,94 sarı) intizamsızlıqda 911-cidir.

Qeyd edək ki, ən intizamsız Uruqvay təmsilçisi “Montevideo Uonderers” (4,05 vərəqə, 0,32 qırmızı, 3,73 sarı), intizamlı isə Yaponiya klubu “Tokio”dur (0,85 vərəqə, 0,00 qırmızı, 0,85 sarı).