“Real danışsaq, biz seçmə mərhələnin ən güclü komandası ilə qarşılaşmırıq”.
Apasport.az saytının məlumatına görə, bunu “Hammarbü”nün baş məşqçisi Miloş Miloyeviç Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri “Maribor”la bağlı danışarkən deyib.
İlk görüşdə evdə 3:1 hesablı qələbə qazanan İsveç təmsilçisi “Maribor” səddini aşacağı təqdirdə, növbəti raundda “Sumqayıt” – “Çukariçki” cütünün qalibi ilə qarşılaşacaq. Serbiyalı mütəxəssis yerli mətbuata açıqlamasında həmyerlilərinə rəqib olmaq arzusunda olduğunu gizlətməyib: “Hələ ki, bu barədə düşünmürük. Ancaq potensial rəqiblərimizi bilirəm. Təbii ki, “Çukariçki” ilə qarşılaşsaq, bizim üçün daha asan olar. Çünki “Srvena Zvezda”da çalışarkən il yarım onlara rəqib olmuşam”.
Qeyd edək ki, “Sumqayıt”la “Çukariçki” arasında Belqradda keçirilən ilk oyun qolsuz bərabərliklə yekunlaşıb. Komandalar arasında cavab görüşü iyulun 29-da Sumqayıtda olacaq.