Türkiyə millisi ilə sabah keçiriləcək yoxlama oyunu ərəfəsində Azərbaycan yığmasının futbolçuları qarşılaşma barədə fikirlərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Alanya şəhərində baş tutacaq qarşılaşmadan öncə Emil Balayev, Elvin Camalov və Ramil Şeydayev affa.az-a açıqlama veriblər.
Əsas qapıçı Şahrudin Məhəmmədliyevin zədə səbəbindən yoxluğunda “1 nömrə” olacaq Balayev matça olan böyük diqqəti vurğulayıb: “Biz bu oyuna dostluq yox, qardaşlıq oyunu kimi baxırıq. Türkiyə millisinin son oyunlarda nümayiş etdirdiyi futbol göz önündədir. Niderland, Norveç kimi güclü komandaları məğlub ediblər. Futbolsevərləri maraqlı oyun gözləyir. Türkiyə Avropa çempionatının final mərhələsinə hazırlaşdığından bu oyuna diqqət çox olacaq. Biz futbolçular da çalışacağıq ki, maksimum bacarığımızı nümayiş etdirək”.
Qapıçımız kimi Camalov da iki ölkə arasındakı qardaşlıq amilini önə çəkib: “Hər oyuna olduğu kimi sabahkı oyuna da ciddi şəkildə hazırlaşırıq. Türkiyə millisi bizə yad komanda deyil. Qardaş ölkənin komandasına qarşı oynayacağıq. Bizim üçün beynəlxalq oyun təcrübəmizi artırmaq baxımından vacib oyundur. Bu qarşılaşma Türkiyə millisinin Avropa çempionatının oyunlarına yaxşı hazırlaşmaq baxımından əhəmiyyət kəsb edir. Oyuna yaxşı köklənmişik. Hansı komandanın qalib gəlməsi o qədər də əhəmiyyət kəsb etmir. Əsas odur ki, dostluq, qardaşlıq qələbə qazanacaq”.
Millinin əsas qol ümidi sayılan Şeydayev rəqibin gücünü qabardıb: “Hamı bilir ki, Türkiyə güclü rəqibdir. DÇ-nin seçmə mərhələsində əldə etdikləri nəticələr hər şeyi deyir. Onlar Avropa çempionatına hazırlaşırlar. Məncə, oyun çox maraqlı alınacaq. Yaxşı futbol nümayiş etdirməyə çalışacağıq. Komanda olaraq bu oyuna hazırıq”.