"Sabah" çox yaxşı komandadır, çox güclü futbolçuları var. Onları qiymətləndirməmək olmaz. Qol vurmaq üçün "Sabah"ın qapısı qarşısında təhlükəli epizodlarımız oldu, təəssüf ki, alınmadı".
Bunu apasport.az saytına "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov deyib.
Premyer Liqaaın XVII turunda "Sabah"ı qəbul edən "Sumqayıt" qış fasiləsindən sonra ilk məğlubiyyətini alıb. Cənnətov evdəki məğlubiyyəti rəqibin daha çox istəkli olması ilə əlaqələndirib: "Sabah" sıx müdafiə olundu, ona görə də onlara qarşı oynamaq çətin idi. Üstəlik, "Sabah" daha istəkli görünürdü. Matça çox yaxşı köklənmişdilər. Bu bizim üçün yaxşı dərs olacaq. Düzgün nəticə çıxarıb, irəliyə baxmaq lazımdır".
28 yaşlı qolkiper Premyer Liqanın 18-ci turu çərçivəsində qarşılaşacaqları "Qarabağ" oyunu haqda optimist düşünür. Hətta Ağdam təmsilçisinin son turda "Zirə"yə 6 cavabsız qolla qalib gəlməsi də onu qorxutmayıb: "Qarabağ"a səfərdə qalib gəlmək? Mümkünsüz heç nə yoxdur. Bütün gücümüzü meydanda qoyacağıq ki, özümüz üçün qənaətbəxş hesab qazanaq. "Qarabağ"ın "Zirə"ni məğlub etməsi məni təəccübləndirmədi. Onsuz da "Qarabağ" demək olar ki, hər oyunda favoritdir. Hər bir komandanın başına belə bir şey gələ bilər. Amma "Qarabağ"ın qələbəsi məni qorxutmur".
Cənnətov mövsüm sonuna kimi uğurlu nəticələr qazanacaqlarına inam da ifadə edib: "Biz yalnız uğurlu nəticələr haqda düşünürük. Başqa fikirləri yaxına buraxmırıq. Əslində, heç turnir cədvəlinə də fikir vermirik. Hər oyuna qələbə üçün çıxırıq".