"Kobud səslənsə də, U-23 yığmasının yaradılması mənasız qərar olar".
Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.
"CBC Sport" telekanalında yayımlanan "Bizim futbol" verilişinin qonağı olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi U-23 yığmasının yaradılması ilə bağlı məsələyə münasibət bildirib. 38 yaşlı müdafiəçi bunun absurd qərar olduğunu düşünür: "Premyer Liqada 8 komanda var, hərəsində 5 yerli çıxış edir ki, bu da 40 futbolçu deməkdir. Onun da 8-i limitə düşən gənclərdir. Bu futbolçulardan 15-20-si əsas milliyə namizədlərdir. Üstəlik, legioner sayı da çox azdır. U-23 millisinin Azərbaycan futboluna nə verəcəyini saatlarla müzakirə etməyə hazıram. U-23-dənsə, U-20, U-18, U-16, U-14, hətta U-13-ün yaranmasını məntiqli sayıram. Çünki 23 yaşlı futbolçu artıq o qədər də inkişaf edə bilməz. Turnirlərə gedəcəklər, yoldaşlıq görüşləri keçirəcəklər. Həmin diqqəti, vəsaiti daha aşağı yaş qruplarına ayırsaq, o uşaqların inkişafına böyük təkan olar. Bu gün U-19-da çıxış edən hansısa futbolçu 3 ildən sonra U-21-də rəsmi oyuna çıxır. Bizim üçün U-20-nin olması bu baxımdan daha məqsədəuyğundur. Əgər Premyer Liqada 18 klubumuz iştirak etsəydi, futbolçularımızın, ölkə xaricində oynayan legionerlərimizin sayı çox olsaydı, bilərdik ki, kənarda qalanlar var, o zaman U-23-ə ehtiyac yaranardı".
Əsas millinin sabiq kapitanı Nikola Yurçeviçin gedişindən sonra AFFA-nın baş məşqçi axtarışına da toxunub. Sadıqov bildirib ki, məşqçi seçimi zamanı onun hansı ölkədən olduğuna yox, oynatdığı futbola baxmaq lazımdır: "Həmin məşqçinin futbolçularla, mətbuatla, azarkeşlərlə ünsiyyəti araşdırılmalıdır. Məşqçinin Braziliyadan, İtaliyadan, Almaniyadan olmasının önəmi yoxdur. Məşqçinin üstünlük verdiyi oyun üslubuna, futbolçularımızın buna uyğun olub-olmadığına fikir vermək şərtdir. Mən onun tərəfdarıyam ki, doğru məşqçi seçilsin və ona uzun müddət vaxt verilsin".
Veteran müdafiəçi Nikola Yurçeviçin millimizə təyinatını yanlış addım adlandırıb: "Robert Prosineçki 3 il Azərbaycan millisini çalışdırdı. Bütün futbolçuları tanıyırdı, çalışqan idi, U-19-un, U-21-in oyunlarını izləyirdi. Bir yerdə bir dəqiqə dayanmırdı. Azərbaycanda yaşayırdı, futbolçularla yaxşı münasibət qurmuşdu. O ki qaldı Yurçeviçə, əgər onun heç vaxt baş məşqçi kimi hansısa komandanı meydana çıxarmadığı düşünülmüşdüsə, deməli, gətirilməsi yanlış qərar idi. Biz Yurçeviçin olduğu bir il ərzində nə qazandıq? Onun yerində bir yerli olsaydı, ən azı məşqçi qazanacaqdıq".
Rəşad Sadıqov yığmaya yerli mütəxəssisin gətirilməsinin tərəfdarıdır. O, hətta namizədlərinin adlarını da açıqlayıb: "Şəxsən mən milliyə namizəd kimi 4 məşqçi üzərində dayanaram - Tərlan Əhmədov, Samir Abasov, Ayxan Abbasov və Şahin Diniyev. Bu dörd mütəxəssis arasında düşünüb, yekun qərar vermək olar".
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı